“Avtolüks Azərbaycan”da nə baş verir? - Rəhbərlik dəyişdi, milyonlar azaldıldı
Azərbaycanda lüks avtomobillərin satışı ilə məşğul olan “Avtolüks Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi dəyişib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.
Belə ki, Azər Vaqif oğlu Cəlilov “Avtolüks Azərbaycan”a yeni qanuni təmsilçi təyin olunub. O, bu vəzifədə Vasif Bairamovu əvəzləyib.
Eyni zamanda bugünlərdə şirkət yenidən nizamnamə kapitalının kəskin azaldıldığını elan edib.
“Avtolüks Azərbaycan” bu dəfə nizamnamə kapitalını 17 milyon manatdan yarım milyon manata endirir.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini şirkətin hüquqi ünvanına bildirə bilərlər.
Xatırladaq ki, şirkət daha əvvəl nizamnamə kapitalını ötən ilin sentyabrında 37,4 milyon manatdan 17 milyon manata endirmişdi.
Qeyd edək ki, İtaliya, ABŞ və Birləşmiş Krallığın məşhur avtomobil brendlərinin Azərbaycanda eksklüziv təmsilçisi “Avtolüks Azərbaycan” şirkəti 2012-ci ildə dövlət qeydiyyatına alınıb. “Avtolüks Azərbaycan” 2012-ci ildən Azərbaycanda Lamborghini, Ferrari və Aston Martin kimi lüks avtomobillərin satışını həyata keçirir. Şirkət həmçinin, Abarth, Alfa Romeo, Crysler, Dodge, Fiat, Fiat Professional, Jaguar Land Rover və Jeep kimi brendlərin Azərbaycanda rəsmi təmsilçisidir.












