“Azərbaycan öz öhdəliyini yerinə yetirmir”
“ATƏT-in Minsk qrupu Azərbaycanı işğalçı hesab edir. Minsk qrupu öz bəyanatında Azərbaycanı öhdəliklərini yerinə yetirmədiyinə görə günahlandırıb”.
Bu fikirləri politoloq Aleksandr Markarov Minsk qrupunun ötən ay Krakovdan yaydığı bəyanatı şərh edərkən bildirib. Markarovun fikirləri ilə bağlı açıqlama verən politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Markarov həm də MDB Ölkələri İnstitutunun Ermənistan bürosunun direktorudur: “Ad və soyadın rus olmasına baxmayaraq, Markarov erməniləri ermənilərin özündən çox müdafiə edir. Onun rəhbərlik etdiyi nümayəndəlik Ermənistandan maaş aldığı üçün bu cür bəyanatlar yayır. Markarovun dedikləri tamam saxta, iftira normal intellekti olan politoloqa yaraşmayan bir bəyanatdır”.
M.Əhmədoğlu qeyd edib ki, ATƏT-in Minsk qrupu yalnız bir dəfə öz bəyanatında işğal edilmiş ərazi terminindən istifadə edib. Həmsədrlər 2014-cü ilin mayında atəşkəs əldə edilməsinin 20 illiyi ilə bağlı yayılmış bəyanatda Dağlıq Qarabağ və ətrafındakı əraziləri işğl edilmiş ərazi adlandırıblar. Politoloq qeyd edib ki, ötən il Ermənistanı işğalçı adlandıranların sayı artıb. Almaniya XİN rəsmi şəkildə bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
M.Əhmədoğlu həmsədrlərin Krakovda verdiyi bəyanatı şərh eərkən bildirib ki, bəyanatda belə cümlə var: “Azərbaycan öz öhdəliklərini yerinə yetirməlidir. Hərbi məsələyə gəlincə isə Ermənistan ittiham olunur. Ermənistana deyilir ki, qoşunların təmas xəttində gərginliyi azltmalısan. Azərbaycanı öz öhdəliklərini yerinə yetirməsinə çağıran fikir geniş yayılmış bir fikirdir. ATƏT-in Minsk qrupu həmsədrləri ötən il bəyan etdilər ki, regiona səfər edəcəklər, lakin etmədilər. Hətta ATƏT XİN Şurasının ənənəvi sammiti ərəfəsində həmsədrlər regiona səfər edir. Lakin ötən il dekabrda Bazeldə keçirilən görüşündən sonra onlar regiona səfər etmədilər. Ehtimal ki, Minsk qrupunun ermənipərəst mövqeyi Azərbaycan rəhbərliyini qane etmir. Və rəhbərlik Minsk qrupu ilə birbaşa təmasda olmağa ehtiyac görmür. Həmsədrlərlə məmurlar səviyyəsində görüş təşkil edilir”.
Politoloqun sözlərinə görə, Minsk qrupunun mandatında belə bir öhdəlik var ki, tərəflər həmsədrləri qəbul etməli və onların işinin təşkilində yardım etməlidir: “Bu baxımdan Azərbaycan öz öhdəliyini yerinə yetirmir. Bunun səbəbi isə Minsk qrupunun ermənipərəst mövqe tutmasıdır. Bəyanatda Azərbaycana aid çağırışdan sonra qeyd edilir ki, Ermənistan gərginliyi azaltmaq üçün iş görməlidir. Və bəyanatın mətni hər şeyi aydın şəkildə izah edir”(azadinform).