Azərbaycan və Koreya hərtərəfli əməkdaşlığa hazırdır
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərliyi ilə geniş nümayəndə heyətinin Koreya Respublikasına işgüzar səfəri davam edir.
Yenicag.az azertac-a istinadən bildirir ki, səfər çərçivəsində QKDK sədri Rüfət Aslanlının Koreya Fond Birjasının sədri Kyunqso Çoi və digər rəhbər şəxslərlə görüşü zamanı hər iki ölkənin kapital bazarlarının mövcud vəziyyəti, eləcə də “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində “Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponenti istiqamətində kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması əsasında yaradılacaq yeni ticarət sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb. Görüşdə kapital bazarları sferasında əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyi qeyd olunub. R.Aslanlı Koreya Fond Birjasının əməliyyat infrastrukturu ilə tanış olub, Kapital Bazarı Tarixi Muzeyinin xatirə lövhəsinə arzularını yazıb.
Azərbaycan nümayəndə heyətinin Koreyanın Maliyyə İnvestisiya Assosiasiyasında və Maliyyə Xidmətləri Komissiyasında keçirdiyi görüşlərdə QKDK sədri Koreya ilə Azərbaycan arasında qiymətli kağızlar bazarı sahəsində əlaqələrin sürətli inkişaf tempi əldə etdiyini və hər iki ölkənin maliyyə institutları arasında münasibətlərin qarşılıqlı tərəfdaşlığa əlavə töhfə verəcəyini bildirib.
Koreya Milli Assambleyasında Milli Siyasət Komitəsinin rəhbəri Vu-Teyk Çan ilə keçirilən görüşdə R.Aslanlı Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının uğurlu tətbiqi nəticəsində Azərbaycan iqtisadiyyatının sürətli və ardıcıl inkişafına nail olunduğunu və ölkəmizin kapital bazarının qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi istiqamətində institusional tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Milli Assambleyanın üzvü Koreya Fond Birjasının Azərbaycanda kapital bazarlarının müasirləşdirilməsi prosesinə cəlb olunmasından məmnunluğunu ifadə edib.
Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə aparılan müzakirələrdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər vacib sahələrdə əməkdaşlığın genişləndirilməsinin önəmli olduğu qeyd edilərək, dostluq qrupunun Azərbaycanın milli maraqlarının qorunmasında mühüm rol oynadığı vurğulanıb.