!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Ukrayna XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi

!Reklam – Yazi

Bu ilin 17 iyun tarixində Azərbaycan və Ukrayna Xarici İşlər Nazirlikləri (XİN) arasında videokonfrans formatında növbəti siyasi məsləhətləşmələr keçirilib.

XİN-in Mətbuat xidməti idarəsindən Yenicag.az-a verilən məlumata görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Ukrayna tərəfindən isə Xarici İşlər nazirinin müavini Vasiliy Bodnar rəhbərlik edib.

Nazir müavini Xələf Xələfov Ukrayna nümayəndə heyətini salamlayaraq pandemiya şəraitinə baxmayaraq Xarici İşlər Nazirlikləri arasında siyasi dialoqun davam etdiyini diqqətə çatdırıb. Azərbaycan və Ukraynanın strateji tərəfdaş olduğunu bildirən X. Xələfov ölkəmizin Ukrayna ilə bütün sahələrdə, o cümlədən iqtisadi və ticarət, humanitar, regional əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.

Ölkə başçıları arasında yüksək səviyyədə siyasi dialoqun mövcud olduğu məmnunluqla qeyd edilib.

V. Bodnar Azərbaycanın COVID-19-un yayılmasına qarşı mübarizə çərçivəsində Ukraynaya göstərdiyi humanitar yardıma görə ölkəsi adından təşəkkürünü bildirib. Tərəflər Azərbaycan və Ukrayna dövlət başçıları səviyyəsində aparılan siyasi dialoqun əlaqələrin dinamik inkişafına güclü təkan verdiyini vurğulayılar. Bu xüsusda Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Respublikasına həyata keçirdiyi uğurlu rəsmi səfərinə işarə edən V. Bodnar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Ukraynada səbirsizliklə gözlədiklərini vurğulayıb.

Xələf Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı durumu barədə Ukrayna tərəfini məlumatlandırıb. O, Azərbaycanın işğal edilmiş ərazilərində keçirilmiş qeyri-qanuni “seçkilər”i qətiyyətlə pislədiyinə görə Ukrayna tərəfinə minnətdarlığını bildirib.

Eyni zamanda Azərbaycanın da daim Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğulayıb.

Görüş zamanı həmçinin Ukrayna ərazisində mövcud olan münaqişənin həlli üzrə danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb.

Tərəflər hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü, suverenliyi və dövlət sərhədlərinin toxunulmazlığı ilə bağlı qarşılıqlı dəstəkdən məmnunluq ifadə edərək, qeyd edilən dəstəyin bundan sonra da ikitərəfli, regional və beynəlxalq səviyyədə davam etdiriləcəyini vurğulayıblar.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı dəstək məsələləri müzakirə olunub.

İqtisadi, enerji, humanitar, hərbi-texniki, nəqliyyat, tranzit daşımaları, kənd təsərrüfatı, səhiyyə, təhsil, mədəniyyət və diaspora sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

İki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən X. Xələfov cari ilin birinci rübünə olan ticarət dövriyyəsinin səviyyəsindən məmnunluq bildirib. Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın cari ilin yanvar ayında Kiyev şəhərində keçirilmiş iclasının ikitərəfli iqtisadi əlaqələrə verdiyi töhfəsinə toxunulub. Müvafiq sahələr üzrə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan-Ukrayna Birgə Hökumətlərarası Komissiyasının işçi qruplarının iclaslarının videokonfrans formatında keçirilməsi təklif olunub.

Görüş əsnasında X. Xələfov alternativ və çoxşaxəli yükdaşımaların həyata keçirilməsi baxımından Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutları haqqında məlumat verərək Ukraynanın da sözügedən layihələrdən yararlana biləcəyini qeyd edib.

Tərəflər Azərbaycan və Ukraynada fəaliyyət göstərən ticarət evlərinə toxunaraq, bu platforma vasitəsilə yerli istehsal məhsullarının qarşılıqlı olaraq tanıdılmasının faydalı olduğunu vurğulayıblar.

Videokonfrans formatında keçirilən məsləhətləşmələrdə Azərbaycan Respublikasının Ukraynadakı səfiri Elmira Axundova və Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Vladislav Kanevski iştirak ediblər.

www.yenicag.az

897
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv