“Azərbaycanın NATO-ya inteqrasiyası gündəmə gələ bilər” – ŞƏRH

“Təhlükəsizliyimiz Türkiyənin olduğu hərbi, siyasi arealda daha ciddi qoruna bilər”.

Bu fikirləri Qarabağ probleminin həlli və Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün Avropa İttifaqı və Rusiyanın rəqabətini şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, münaqişənin həlli Rusiyanın əlindən çıxmalıdır:

“Azərbaycanın yerləşdiyi coğrafiya 200 ildən çoxdur ki, Rusiyanın təsir dairəsindədir. Zaman-zaman Avropa ilə Rusiya arasında mövqe uğrunda savaş gedib, ancaq Rusiya qalib olub. Rusiyanın Azərbaycanda oynadığı oyunlar hər zaman Azərbaycan xalqının iradəsinin boğulması, onun özünün imperiapərəst siyasətinə yönəlmiş bir siyasət olub. Rusiya heç vaxt Azərbaycana xeyir əli uzatmayıb. Rusiya hər zaman milli iradəni alt-üst edib, Məmməd Əmin Rəsulzadə hökumətini didərgin salıb, 12 generalımızı bir gecənin içində öldürüb, ziyalılarımızı 1937-ci ildə məhv edib, müharibədən sonrakı dönmələrdə milli kimliklə bağlı Azərbaycanda ciddi reformlar həyata keçirib. Rusiya heç vaxt Azərbaycanın milli maraqlarına uyğun addım atmayıb. Dağlıq Qarabağa status verilməsi, onların himayə olunması, Ermənistanın Azərbaycan əraziləri hesabına genişləndirilməsini həyata keçirib. Rusiya bu cür, təəssüflər olsun ki, Avropa sisteminə qalib gələ bilib.

Avropa İttifaqının hərəkətlərinə baxanda hiss olunur ki, tez bir zamanda problemin həllini görmək istəyirlər. Hesab edirəm ki, proses Avropanın xeyrinə işləyir. Mütərəqqi dünya Avropadır. Avropanın qoyduğu model Azərbaycanda hakim olacaqsa, Qafqazda konfliktlərin aradan qaldırılması, Rusiyanın qorxulu qonşu imicindən çıxması, təhdid imkanlarının minimuma keçməsi və gələcəkdə Azərbaycanın Türkiyənin olduğu məkan – NATO-ya inteqrasiyası gündəmə gələ bilər”.

Səxavət Məmməd

COP29