““Azəriqaz” yenə məsuliyyətdən qurtulmaq istəyir”
““Azəriqaz” ötən gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə ilə bağlı açılan cinayət işində yenə də məsuliyyətdən yaxa qurtara biləcək. Ən yaxşı halda isə məsuliyyəti bir neçə nəfər sıravi işçinin üzərinə qoyaraq onları cinayətə cəlb edəcəklər”.
Virtualaz.org bildirir ki, bunu modern.az-a kommunal sahə üzrə ekspert Ələkbər Ağasıyev deyib. Onun sözlərinə görə, qazdan zəhərlənmə ilə bağlı bütün məsuliyyəti “Azəriqaz” ASC daşıyır. Çünki qaz təchizatı üzrə “Azəriqaz”-ın göstərdiyi xidmətin əsas göstəricilərindən biri də xidmətin təhlükəsizliyidir: “Burada insan faktoru ilə yanaşı, onun tərkibinin də təhlükəsizliyi nəzərdə tutulur. Buna baxmayaraq ötən gün baş verən zəhərlənməni bəziləri metan qazının tərkibinə vurulan adorant maddəsinin normadan bir qədər artıq olması ilə əlaqələndirir. Bunu araşdırma aparmadan demək çətindir. Bütün hallarda isə baş verən hadisədə birmənalı olaraq “Azəriqaz” məsuliyyət daşıyır. Çünki əhali qrupundan olan istehlakçıların qaz enerjisi ilə təchizatı onlar tərəfindən həyata keçirildiyindən, xidməti həyata keçirən qurum kimi məsuliyyət onların üzərinə düşür. Əvvəlki vaxtlarda buna oxşar hadisələr baş verəndə konkret vəzifəli şəxslər nəinki işdən uzaqlaşdırılırdılar, eyni zamanda məsuliyyətə cəlb olunurdular. İndiki zamanda isə bunun tam əksini görürük. Xüsusilə son illər qaz təchizatı ilə əlaqəli olan insan tələfatının və ya əlil olan insanların sayı artıb. Bu bir daha onu göstərir ki, təchizatçı idarə təhlükəsiz xidmət göstərmək vəzifəsini yerinə yetirə bilmir və ya istəmir”.
Təçhizatçı qurumun hər vasitə ilə məsuliyyətdən boyun qaçırdığını deyən ekspertin sözlərinə görə, bu sonuncu belə hadisə olmayacaq. Mütəxəssis hesab edir ki, “Azəriqaz”da köklü dəyişikliklər edilməli və məsuliyyət artırılmalıdır: “Adorant maddəsi metan qazına aromatizator kimi əlavə olur. Yəni təbii halda metan qazı iysiz, rəngsiz, dadsız maddə olduğundan qaz sızmalarının olmasını müəyyən etmək üçün ona bu maddəni qatırlar. Bu isə çox cüzi faizlərlə metan qazının tərkibinə qatılır. Adorantı qatanlar isə təbii ki, istehlakçılar yox, “Azəriqaz”dır. Odur ki, “Azəriqaz”da köklü dəyişikliklər edilməli və məsuliyyət artırılmalıdır”.