“AzerRos” növbədənkənar qurultay keçirdi
“AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti fevralın 20-də Moskvada növbədənkənar qurultay keçirib.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, fevralın 20-də Moskvadakı Millətlər evində keçirilən növbədənkənar qurultayda “AzerRos”un səsvermə hüququ olan 9 regional və yerli milli-mədəni muxtar təşkilatının nümayəndələri iştirak edib. Qurultaya həmçinin Rusiya Federasiyası Prezident Administrasiyasının, Mədəniyyət və Ədliyyə nazirliklərinin təmsilçiləri və ölkənin müxtəlif regionlarından çağırlımış qonaqlar da qatılıblar.
Qurultayın işini “AzerRos”un Ağsaqqllar Şurasının üzvü, Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri Vidadi Abbasov açıb. O, Rusiyadakı Azərbaycan diasporundan “AzerRos”un qurultayına nümayəndə seçilmiş şəxslərin 75 faizinin tədbirə qatıldığını və legitimlik üçün əsas olduğunu bildirib.
Daha sonra “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin Ağsaqqalar Şurasının sədri Abbas Abbasov çıxış edib. O, “AzerRos”un son iki ildəki fəaliyyətinə toxunaraq, qurumun Azərbaycan diasporunun inkişafı üçün müxtəlif sahələrdə böyük işlər gördüyünü vurğulayıb.
A.Abbasov bildirib ki, təşkilatın eks-prezidenti Asif Məhərrəmov bu ilin yanvarında istefa verdiyindən “AzerRos”a yeni rəhbər seçilməlidir. O, eyni zamanda “AzerRos”un Federal və Ağsaqqallar şuralarına da yeni üzvlərin seçilməli olduğunu qeyd edib.
Abbas Abbasov deyib ki, növbədənkənar qurultay “AzerRos”un xilası, təşkilatda sabitliyi qorumaq məqsədi daşıyır.
Qurultayın tənqidi çıxışlarla davam etməsini istəmədiyini söyləyən A.Abbasov bununla yanaşı, rəqiblərinə mesaj ünvanlayaraq “təəssüf ki, təşkilat üzvləri arasında şəxsi mənafeyini güdənlər də olub” deyib.
Daha sonra “AzerRos”un Federal Şurasının sədri Mehriban Sadıqova çıxış edib. Ardınca qurultay müzakirələrdən sonra “AzerRos”un Nizamnaməsinə təklif olunan dəyişikliyi qəbul edib.
Bundan sonra səsəvermə keçirilib və Mehriban Eldar qızı Sadıqova “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti nin yeni prezidenti seçilib.
Qurultay “AzerRos”un Federal Şurasına 25 nəfər üzv müəyyən edib, Fazil Ələddin oğlu Paşayev isə Federal Şuranın yeni sədri seçilib.
Daha sonra “AzerRos”un Ağsaqqllar Şurasının üzvlərinin seçilməsi məsələsinə baxılıb. Qurultay Abbas Abbasovun “AzerRos”un Ağsaqqllar Şurasının sədri vəzifəsindən istefasını qəbul etməyib.
Bundan sonra Ağsaqqallar Şurasının üzvləri təsdiqlənib, sədr Abbas Abbasovun təklifi ilə Sərdar Abdullayev də qurumun yeni üzvlərindən biri olub.
Xatırladaq ki, bu il yanvarın 17-də təşkilatın prezidenti Asif Məhərrəmov istefa vermişdi. Bundan sonra qurumun liderləri olan Söyün Sadıqovla Abbas Abbasovun yolları ayrılıb və tərəflər bir-birləri haqda qarşlılıqlı ittihamlarla çıxış ediblər. Söyün Saqıqov hətta Abbas Abbasovun Ağsaqqalar Şurasının sədri vəzifəsindən uzaqlaşdırıldığı barədə məlumat da yayıb. Lakin sonradan məlum olub ki, “AzerRos”da çoxluq Abbas Abbasovun tərəfindədir və onun Ağsaqqallar Şurasından kənarlaşdırıldığı barədə iddialar doğru deyil.
Qarşı tərəf Söyün Sadıqovun kənar qüvvələrin təsiri ilə “AzerRos”da nifaq saldığını və parçalanma yaratmağa çalışdığını bəyan edib.