“Azəryolservis” ASC nədən qorxur?
“Azəryolservis” ASC Zaur Bağırov barədə məlumat verməkdən qorxur.
Adı Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovla bağlı qalmaqalda adı hallanan Zaur Bağırovun uzun müddətdir çalışdığı “Azəryolservis”dən çıxarılması ilə bağlı əmr imzalanıb. Lakin adı çəkilən ASC bununla bağlı məlumat verməkdən ehtiyat edir.
“Azəryolservis”in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “Axar.az”a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirdi.
Mətbuat xidmətinin rəhbəri “Azəryolservis” ASC-nin Ümumi şöbəsi ilə əlaqə saxlamalı olduğumuzu bildirdi. Ümumi şöbədən də bu məlumatı yalnız ASC-nin Kadrlar şöbəsinin təsdiqləyə biləcəyini söylədilər.
Kadrlar şöbəsinin xanım əməkdaşı sualdan kifayət qədər həyacanlandı və bu məsələnin onsuz da ASC üçün başağrısına çevrildiyini, bir həftədən artıqdır xüsusi narahatlıq yaratdığını bildirdi və əlavə etdi ki, ondan heç nə soruşmayaq:
“Onsuz da bu məsələ bir həftədir ki, “Azəryolservis”in iş ahəngini pozub, gərginlik, əsəb yaşayırıq. Daha məndən heç nə soruşmayın”.
Qeyd edək ki, Zaur Bağırovun adı deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovla bağlı qalmaqalda hallanırdı. Sosial şəbəkələrdə A.Məmmədovun Zığ-Aeroport yolunda sürət yarışına çıxdığını əks etdirən videokadrlar yayılmışdı. Həmin videokadrlarda əks olunan və Aynar Məmmədova məxsus olduğu bildirilən 10 LZ 100 dövlət nişanlı “Nissan Skyline GT-R35″ markalı avtomobilin “Azəryolservis”in işçisi Zaur Bağırova aid olduğu məlum oldu.
Bu videokadrların yayılmasından sonra isə “Azəryolservis”in rəhbəri Cavid Qurbanovun Z.Bağırovu işdən çıxarması ilə bağlı media özəl mənbələrə istinadla xəbər tirajlayıb.
Xatırladaq ki, videokadrlardakı digər avtomobil – “Mersedes S Klass”ın üstünə bağlanmış 10 AZ 458 dövlət nömrə nişanının “Porşe KN” markalı avtomobilə aid olduğu da müəyyənləşib. Həmin “Porşe KN” avtomobili isə icarə xidmətindədir və hüquqi şəxs kimi Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən “Bakı XXI əsr” MMC-yə məxsusdur. “Bakı XXI əsr” MMC isə millət vəkili Elton Məmmədovun prezidenti olduğu məhdud nəsuliyyətli cəmiyyətdir.
Dövlət Yol Polis İdarəsindən hələlik bu barədə heç bir açıqlama verilməyib(axar.az).