Bakının Nərimanov rayonunda “BMW” markalı avtomobilin sürücüsü sərxoş halda avtoxuliqanlıq edib.
Yenicag.az-ın məlumatına görə, hadisə Bakı şəhəri ərazisində reyd aparılan zaman qeydə alınıb.
Belə ki, Heydər Əliyev prospektində “10-LJ-600” dövlət qeydiyyat nişanlı ” BMW ” markalı avtomobilin sürücüsü yüksək sürətlə manevr qaydalarını pozduğuna görə, Yol Patrul Xidmətinin 99-YP-481 dövlət qeydiyyat nişanlı xidməti avtomobilində olan yol polis əməkdaşları saxla əmrini verib.
Avtomobili saxlayan sürücü hərəkətini müxtəlif bəhanələrlə izah edib. O, polislərə heç bir sənəd təqdim etməyib. İnspektor kəskin spirt qoxusu gəldiyinə görə, onu sərxoşluğun yoxlanılması məntəqəsinə dəvət edib. Sürücü heç bir söz demədən yüksək sürətlə ərazidən uzaqlaşıb. O, Yol Patrul Xidməti əməkdaşlarının təqibinə baxmayaraq, aradan çıxmağı bacarıb. Nizami rayonu Çobanzadə küçəsində yerləşən restoranların birinin həyətyanı sahəsində maşını heç kimin tərpədə bilməyəcəyi şəkildə park edib. Buna baxmayaraq, YPX əməkdaşları şəhərdəki təhlükəsizlik kameraları vasitəsilə onun hansı istiqamətə getdiyini aşkarlayıblar.
Avtomobilin sürücüsünün 1984-cü il təvəllüdlü Elvin Nüsrət oğlu Adıgözəlov olduğu aşkarlanıb. E.Adıgözəlov avtomobilini saxladıqdan sonra restoranda gizlənməyə qərar verib. Onun maşını evakuator vasitəsilə çətinliklə də olsa, ərazidən götürülərək, cərimə meydançasına aparılıb.
Sürücü haqqında isə araşdırma aparılır.
www.yenicag.az