Xəbər verdiyimiz kimi, bu gün səhər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində güclü yanğın hadisəsi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, baş verən yanğın hadisəsi ilə bağlı danışan yerli icra nümayəndəsi Elmar Abbasov bildirib ki, hadisə nəticəsində iki azyaşlı körpə dünyasını dəyişib, digər xəsarət alanlar isə xəstəxanaya yerləşdiriliblər:
“Bizdə olan ilkin məlumata görə, hadisənin qısaqapanmadan baş verdiyi deyilir, amma hazırda araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. İki nəfər 7 aylıq əkiz uşaq dünyasını dəyişib. Uşaqlardan biri hadisə yerində, digəri isə xəstəxanada vəfat edib.
Mən yeni (dörd ay əvvəl – red.) təyin olunduğuma görə ailə haqqında çox məlumatım yoxdur. Ailənin burada uzun müddət, yoxsa yeni məskunlaşması ilə bağlı məlumat araşdırmadan sonra bəlli olacaq. Hələlik bir söz deyə bilmərəm. Ailə başçısı Rövşən Abbasov olub”.
*** 11:00
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli kürsülü evin (tikintisi başa çatmayıb, iki otağında yaşayış olub) dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə, mətbəxinin tavanı 8 m² sahədə yanıb.
Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın bölmələri hadisə yerinə çatana kimi 7 nəfər (onlardan 4-ü uşaqdır) xəstəxanaya aparılıb. Uşaqlardan ikisi xəstəxanada vəfat edib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
www.yenicag.az