Bakıda yol qəzasında iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən İbrahim Əsədzadəyə hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Yenicag.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, hadisə bu il aprelin 27-si saat 03:15 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 65-ci kilometrliyində qeydə alınıb.
Belə ki, paytaxt sakini, 1995-ci il təvəllüdlü Əsədzadə İbrahim Qaraş oğlu nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “Chevrolet” markalı, 99-PC-811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə paytaxt istiqamətində hərəkətdə olarkən, yol kənarında saxladıqları avtomobildən düşüb piyada qismində dayanan Bakı şəhər sakinləri – 1984-cü il təvəllüdlü Qurbanov Emil Məhəmməd oğlunu və 1967-ci il təvəllüdlü Cəfərov Səyavuş Əyyub oğlunu vurub, eyni anda sonuncuya məxsus “Mercedes” markalı, 90-CR-455 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çarpılıb.
Qəza nəticəsində S.Cəfərov və E.Qurbanov hadisə yerində həlak olublar.
Daha sonra İ.Əsədzadə saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
www.yenicag.az