Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Abşeron rayonu Masazır qəsəbəsində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş qəsəbə sakini Mahir Səmədov saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan 2,283 qram çəkidə yüksək təsiredici xassəyə malik narkotik vasitə heroin və 2,250 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq M.Səmədovun Masazır qəsəbəsindəki evindən əlavə 52,666 qram heroin və 51,760 qram metamfetamin, həmçinin 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onları “Hacı” adlı şəxsdən aldığını bildirib.
Baş İdarənin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilərək narkotik vasitə və psixotrop maddələri Mahir Səmədova satmaqda şübhəli bilinən Cəlilabad rayonu Ocaqlı kənd sakini Hacıağa Əliyev də tutularaq istintaqa təqdim edilib.
O, saxlanılan zaman üzərindən 50.595 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı Mahir Səmədovun Hacıağa Əliyevlə birlikdə şəbəkə quraraq əldə etdikləri narkotik vasitə və psixotrop maddələrin paytaxt və şəhər kənarında satışını təşkil etdikləri məlum olub.
Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirlərii seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.
www.yenicag.az