Bakının Xətai rayonunda top mərmisi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Yenicag.az-a verilən məlumata görə, bu gün saat 16:13-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 7 ünvanında 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Xətai rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləriAnchor, Xətai rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Zenit top mərmisi ətrafında 2,500 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
www.yenicag.az