“ABŞ çox yaxşı bilir ki, həmin terror qruplaşmaları Türkiyənin təhlükəsizliyi üçün nə qədər böyük təhdid yaradır”.
Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Türkiyənin iki gün əvvəl Suriyanın şimalında başladığı “Barış pınarı” əməliyyatını aktuallaşdıran səbəbləri və mümkün nəticələri dəyərləndirən “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər deyib.
Aqil Ələsgərin sözlərinə görə, bölgədə sabitliyin bərpası üçün “Barış pınarı” əməliyyatının keçirilməsi qaçılmaz zərurətdir:
“Türkiyə ictimaiyyəti artıq kədərli xəbərlərdən, terror aktlarından, dinc sakinlərə qarşı təşkil olunan hücumlardan, terrorçulardan bezib. Türkiyənin daxilindəki terror qruplaşmaları xaosun hökm sürdüyü qonşu ölkələr – İraq və Suriya tərəfindən birmənalı olaraq, dəstəklənirlər. Terrorçulara həmin “boz ərazilər”dən vaxtaşırı canlı qüvvə, silah-sursat göndərilir, onlara maliyyə dəstəyi verilir.
Məhz buna görə də Türkiyə daxilində fəaliyyət göstərən terror qruplaşmalarının bütünlüklə məhv edilməsi prosesi uzanır. Həmçinin də Türkiyənin Suriya ilə həmsərhəd bölgələri müntəzəm olaraq, iriçaplı silahlardan, hətta raket-artilleriya sistemlərindən atəşə tutulur. Suriyanın Türkiyə ilə sərhəd ərazisi əslində, məhz həmin terrorçuların fəaliyyət zonasıdır. Həmin terror zolağı dinc sakinlərin normal həyatı və regional təhlükəsizlik üçün böyük təhdiddir.
Son illər ərzində terrorçular tərəfindən həyata keçirilmiş təxribatlar nəticəsində Türkiyədə yüzlərlə dinc sakin, hərbçi və polisi həlak olub. Ona görə də, Türkiyə ictimaiyyəti Türkiyə hökumətinin Suriyada növbəti əməliyyata başlamaq qərarının tam olaraq, dəstəkləyir”.
Baş direktor hesab edir ki, Vaşinqtonun “Barış pınarı” əməliyyatına görə Türkiyəyə yönəlik təhdidləri Ankaranın qətiyyətli mövqeyinə təsir göstərməyəcək:
“Trampın bəyanatı bu prosesi dayandıra bilməz. ABŞ çox yaxşı bilir ki, həmin terror qruplaşmaları Türkiyənin təhlükəsizliyi üçün nə qədər böyük təhdid yaradır. Ağ Ev, Pentaqon və Amerikanın xüsusi xidmət orqanları Türiyənin bu təhdidlərə qarşı səssiz qalmayacağı haqda dəfələrlə məlumatlandırılıblar. İndi isə vaxt yetişib və Türkiyənin hərbi qüvvələri vətən qarşısında olan borclarını yerinə yetirirlər.
Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ başda olmaqla, Yaxın Şərqdə çirkli oyunlar oynayan bütün dövlətlərə bəyan etdi ki, Türkiyə hökuməti bölgədə terrorun kökünü kəsməyənə qədər, bu siyasi qərarından dönməyəcək”.
O, “Barış pınarı” əməliyyatının mümkün nəticələrini dəyərləndirərək, Türkiyənin uğurlu sonluq üçün bütün imkanlara malik olduğunu bildirib:
“Tərəddüd etmədən bunu deyə bilərəm ki, Türkiyənin, həmçinin Qərbin aparıcı hərbi ekspertlərinin, siyasi analitiklərinin də proqnozlaşdırdığı kimi, “Barış pınarı” əməliyyatı uğurla yerinə yetiriləcək.
Türkiyə Suriya ilə olan sərhəd ərazilərini terrorçulardan təmizləyəcək və qonşu ölkənin ərazisində sülhü, sabitliyi bərpa edəcək. Digər tərəfdən, bu əməliyyatın uğurla nəticələnməsi Türkiyəyə sığınan 3,5 milyondan çox suriyalı qaçqının öz evlərinə qayıtmasına da təkan verəcək. O baxımdan, hesab edirəm ki, əməliyyat uğurla və Türkiyə üçün minimal zərərlə başa çatacaq”.
Çevirdi: Pərviz Mustafa
www.yenicag.az