Müəllimlər işsiz qalacaq? – Ekspert həyəcan təbili çalır

Azərbaycan Respublikasının Təhsil nazirliyinin rəsmisi müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı maraqlı fikir bildirib. Onun sözlərinə görə, diaqnostik qiymətləndirmələrdə kifayət qədər zəif nəticə göstərən müəllimlərin ixtisar ediləcəyi qaçılmazdır.

Məsələ pedaqoqlar arasında ciddi narazılığa səbəb olub. Bülbül adına Musiqi məktəbinin müəlliməsi Züleyxa xanımın sözlərinə görə, rəsmilər hələ də qanunu yaxşı bilmirlər:

“Çünki əlində diplomu olan müəllimi diaqnostik qiymətləndirmənin nəticəsinə görə işdən çıxartmaq birbaşa həmin şəxsin hüququnu pozmaqdır. Buna görə hansısa müəllimi işdən çıxartmaq olmaz. Ayrıca diaqnostik qiymətləndirmə ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla da maddi rifahını yaxşılaşdırmaq məqsədi daşıyır”.

Təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov Yenicag.az-a açıqlamasında bildirdi ki, təkcə diaqnostik qiymətləndirmə yolu ilə prosesdə zəif nəticə göstərən müəllimlərin işdən azad edilməsi yolverilməz xətadır:

“Səhv etmirəmsə, Təhsil Nazirliyi tərəfindən açıqlama verildi ki, sözügedən məsələdə nümayəndələri tərəfindən səslənən həmin fikirlər tam dolğunluğu ilə ifadə edilməyib. Əslində belə deyil, diaqnostik qiymətləndirmədə zəif nəticə göstərən müəllimlər ixtisar olunmayacaq. Müəllimlərin tez-tez yoxlamalardan keçirilməsi onların öz üzərilərində çalışması üçün müsbət addımdır. Çünki onlar Azərbaycanın gələcəyi naminə çalışırlar. Yəni tədris, təlim yüksək səviyyədə olmalıdır. Onu tədris edən müəllim də bu mənada etik və bilik baxımından yüksək səviyyəli pedaqoq olmalıdır.

Digər tərəfdən müəllimlərin işdən azad edilməsi kriteriyaları təkcə diaqnostik qiymətləndirmə ilə ölçülməməlidir. İkisaatlıq bir yoxlama ilə zəif nəticə göstərən müəllimlə xüdahafizləşmək yolverilməzdir. Çünki onlar uzun bir mərhələ keçərək, gəlib bu səviyyəyə çatıblar. Əslində, diqqəti daha çox məktəblərin maddi-texniki bazasının möhkəmlənməsinə, müəllimlərin məvaciblərinin artırılmasına yönəltmək lazımdır. Bu addımlar atılarsa, müəllimlər də üzərilərində daha ciddi çalışarlar. Ancaq görürük ki, müəllimlərin maaşlarının artırılması məsələsi ləng gedir”.

ELÇİN

Yenicag.az

COP29