Türklər demiş, “qırx bir kərə maşallah…” Hər zaman formadadır, cazibədarlığı ilə illərə meydan oxuyur: xalq artisti Brilliant Dadaşovanı deyirəm…
Müğənninin Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Brilliant xanım, necə edirsiniz ki, hər zaman belə gözəl, cazibədar qalırsınız?
– Heç vaxt özümü gözəl hesab etməmişəm. Hər zaman demişəm və yenə deyirəm ki, evimizin ən çirkin qızı olmuşam. Siz mənə gözəl deyirsiniz, özümə baxıram ki, görüm haram gözəldir? (gülür)
– Hər halda, gözəllik sirriniz var.
– İdman edirəm, insanlara hər zaman pozitiv enerji ötürürəm, onların yaxşılığını istəyirəm, müsbət düşünürəm. Bəyəm bunlar azdır?
– Sizcə, qadını gözəlləşdirən qüvvə hansıdır?
– Yaxşı niyyət.
– Bəs sevgi?
– Əlbəttə, sevgi də güclü amildir. (oğlu Cahadı göstərir) Bu da mənim sevgilim. Bir ona baxın, görün necə yaraşıqlıdır.
– Şou-biznes aləmində ailəsini qoruyub saxlayan cütlüklər çox azdır. Maşallah, illərdir ki, ailənizi qoruyub saxlamısız. Bu məsələdə kimin rolu daha çox olub? Sizin, yoxsa Ədalət müəllimin?
– Hər ikimizin.
– Müsahibələrinizin birində demişdiniz ki, hələ evlənməzdən əvvəl, həyat yoldaşınıza görə özünüzü öldürmək istəmisiz. İndi də ona görə özünüzə qəsd edərdiniz? Yəni demək istəyirəm ki, illər öncə yaşanan o sevgi, o həyəcan bu gün də qalıbmı?
– Əlbəttə, o vaxt onun üçün özümü öldürmək istəyirdim, amma indi təbii ki, ona görə özümü öldürmərəm. (gülür)
– Bunu özünə demisiz?
– Hə, özü də bilir.
– Həyat yoldaşınız hansı xüsusiyyətinə görə bu günə kimi yanınızdadır və sizi indi də özünə aşiq edir?
– Tərbiyəsinə, mədəniyyətinə görə. İnsanlarda ən birinci dəyər verdiyim xüsusiyyət səmimiyyət, mədəniyyət və tərbiyəli olmasıdır.
– Bəs sizcə, Ədalət müəllim sizə hansı xüsusiyyətinizə görə vurulub?
– Dəqiq deyə bilmərəm. Bu sualın düzgün cavabını Ədalət özü verərdi.
– Təbii ki, ailə söz-söhbətsiz ötüşmür. Elə bir məqam yaşanıbmı ki, “boşanıram” deyə qərar verəsiz?
– Yox, heç vaxt bu məqama gəlib çatmamışıq.
– Ailəni qorumaq üçün xanımlara nə məsləhət verərdiniz?
– Səbrli olsunlar. Yanındakı insana – həyat yoldaşına olan hörməti hər zaman qoruyub saxlasınlar.
– Xəyanətə münasibətiniz necədir? Əksər xanımlar kimi, yəqin siz də xəyanəti bağışlamırsız…
– Ər-arvad arasında xəyanət varsa, bir yerdə yaşamağın mənası yoxdur.
– Əgər həyat yoldaşınız sizə xəyanət etmiş olsaydı, buna reaksiyanız necə olardı?
– Yenə də bu fikrimdə qalıram: xəyanət varsa, o şəxslə bərabər yaşamağın mənası yoxdur.
– Sizcə, həyat yodaşınız sizə xəyanət edib?
– Bilmirəm və soruşmuram da. Bunu onun özündən soruşmaq lazımdır.
Cəvahir
www.yenicag.az