Bu əşyaların diabet riskini artırdığı üzə çıxdı
ABŞ-də aparılan yeni tədqiqat gündəlik məhsullarda rast gəlinən PFAS adlı kimyəvi maddələrin tip 2 diabet riskini artırdığını ortaya çıxarıb.
Yenicag.az xəbər verir ki, alimlər 360 nəfərin qan analizini araşdırıb və PFAS səviyyəsi yüksək olan şəxslərin diabetə tutulma ehtimalının 31 faiz daha çox olduğunu müəyyən ediblər.
PFAS maddələri 1940-cı illərdən yapışmayan qablar, su keçirməz geyimlər və qida qablaşdırmaları kimi məhsullarda istifadə olunur. Bu maddələr insan orqanizmində və ətraf mühitdə uzun müddət qalır və bir çox xəstəliklərlə əlaqələndirilir.
Alimlər bildirir ki, bu kimyəvilər orqanizmin şəkər tənzimlənməsinə təsir edən həyati prosesləri pozur və qaraciyər xəstəlikləri kimi digər problemlərə də yol aça bilər.
ABŞ və Avropada PFAS-ların məhdudlaşdırılması ilə bağlı addımlar atılır və bu məsələ BMT-nin plastik razılaşmasında da müzakirə olunur.