“Bu Rusiyanın iflası ilə nəticələnəcək”
NATO-nun Avropadakı qüvvələrinin komandanı general Filip Bridlav Rusiyanı Ukraynada həyata keçirdiyi ssenarini Moldovada təkrarlamaqda ittiham edib.
NATO komandanının bu ittihamı Rusiyanın hərbi-iqtisadi potensialı ilə bağlı bugünə qədər səsləndirilən proqnozlara yenidən nəzər salmağı zəruri edib. Belə ki, Ukrayna olaylarının hələ ilk dönəmində Rusiyanın iqtisadi gücdən məhrum olduğunu və bu səbəbdən də uzunmüddətli müharibəyə hazır olmadığı ilə bağlı fikirlər səslənirdi. Fəqət bu gün Ukrayna ilə hərbi əməliyyatları davam etdirən Rusiyanın Moldovada da müharibəyə hazırlaşması bu dövlətin iqtisadi potensialının zəifliyi ilə bağlı səslənən fikirləri əsaslı şəkildə şübhə altına almaqdadır.
Məsələ ilə bağlı açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Kremlin Moldovada hərbi əməliyaytlara başlamaq niyyətində qərarlı göründüyünə diqqət çəkdi:
“Putinin “yaşıl adamcıqları”nın Dnestryanı bölgədə olması bir faktdır. Bu barədə həm Moldova, həm Ukrayna, həm də Qərb mətbuatı yazır. Rusiyanın belə bir savaş üçün yetərincə potensiala malik olub-olmadığı tamam başqa məsələdir. Ola bilsin ki, Kreml bununla psixoloji təzyiq göstərməyə çalışır və ya ola bilsin ki, həqiqətən də işğal zonasını genişləndirmək fikrindədir. Bəlkə də rəsmi Moskva bununla kimsədən çəkinmədiyini və hər şeyə rəğmən öz məqsədinə çatmqda qərarlı olduğunu göstərməyə çalışır. Hesab edirəm ki, işğal zonasını genişləndirmək Rusiyanın iflası ilə nəticələnəcək. Bu, birmənalıdır”.