1977-ci ildə Mustafa Akkadın çəkdiyi “Çağrı” filmində Kəbədə ilk azanı oxuyan Bilal Həbəşini canlandıran liviyalı aktyor Əli Əhməd Salem vəfat edib.
Yenicag.az Yeni Şafak-a istinadən xəbər verir ki, aktyor dünən 81 yaşında uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib.
1945-ci ildə Benqazidə dünyaya gələn Salem karyerasına radio aparıcısı kimi başlayıb. Daha sonra Liviyadakı telekanallardan birində xəbər aparıcısı olub, “Dilimiz və Ədəbiyyatımız” adlı sənədli veriliş hazırlayıb. Aktyor olaraq ilk dəfə “Şairlər məhkəməsi” adlı komik serialda çəkilib.
Lakin ona dünya şöhrətini “Çağrı” filmində canlandırdığı Bilal Həbəşi rolu qazandırıb. Bu roldan sonra rejissor Mustafa Akkadla əməkdaşlığı davam etdirib və “Çöl aslanı” filmində onun assistenti olub.
Bu filmdən sonra aktyorluq fəaliyyətinə son verib. Hətta müsahibələrinin birində “Çağrı” filminin sonuncu səhnəsindən misal çəkərək, “Məkkənin fəthindən bu günə qədər hələ də işsizəm”, – deyə bildirib.
2017-ci ildə Qahirədə Ərəb İnformasiya Nazirləri Şurası tərəfindən 48 iddialı arasından ərəb dünyasının ən vacib şəxsi seçilərək, mükafatlandırılıb.
Firuzə Alimova
www.yenicag.az