Şəxsi həyatı ilə bağlı heç kimə hesabat verməyi xoşlamır. İnsanların, qohum-əqrəbanın onun barəsində nə düşündükləri maraqlı da deyil. Şayiələri vecinə də almır…
Tanınmış aparıcı Vüsalə Kərimovanın Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Sosial şəbəkələrdə çox fəalsan. Heç səni əsəbiləşdirənlər olur?
– Qıcıqlandığım məqamlar çox olur. Klaviatura arxasında oturan qəhrəmanlar var, hansı ki, üz-üzə gələndə adamla “cicim-bacım”la danışırlar. Hamısı da yalançı profil açıb, insanın həyatını, taleyini bilmədən başlayırlar məşhurları söyməyə. Əslində, belə şeyləri görəndə əsəbiləşməkdən çox, təəssüf hissi keçirirəm. Əgər mən səni sevmirəmsə, sənin səhifəndə nə işim var? Adama deyərlər, xoşun gəlmir, məni izləmə. Səni nə vadar edir, fotolarımın altından yazırsan ki, nə gündəsən sən? Gərək için nə qədər çirkin olsun ki, bu sözləri yaza biləsən. Ona görə də mən İnstaqramda cəmi 33 nəfəri izləyirəm. Hamısına da baxıb, fotolarını və digər paylaşımlarını layk edirəm.
– İndiyə qədər özün haqqında hansı rəyləri oxuyanda əsəbiləşmisən?
– Pərvin Abıyeva demişkən, mənimçün müqəddəs olan elə adamlar var ki, onlara toxunanda dəli olaram. Mənim toxunulmazım oğlumdur. Özümə hər söz demək olar, vecimə almaram, amma oğlum haqqında artıq-əskik danışanı öldürüb, türməyə girirəm. O məqamda çox qəddar ola bilərəm.
– Yəni belə təhqirlər olub?
– İki il əvvəl şəkilimin altında məni təhqir etmişdilər. Yazmışdılar ki, kül bunun başına, oğlunu küçələrdə qoyub, onunla-bununla fingildəşir. Mən bunu oxuyub əsəbiləşdim. Bir az keçdi, yaxın rəfiqəm zəng eləyib, başladı ağlamağa ki, bəs xəbərin var, sənin barəndə nələr yazıblar? O rəfiqəm də mənim oğluma necə diqqətli olduğumun şahididir. Oğlum hələ indiyə qədər bir gün də olsun məndən ayrı qalmayıb.
– Səncə, bunları yazanlar kimlərdir?
– Onlar məni istəməyən və varlığımdan qıcıqlanan adamlardır. Onlara elə gəlir ki, məndən acıq çıxırlar.
– Şayiələrə reaksiyan necə olur bəs?
– Heç vecimə də deyil. Hesab edirəm ki, mənim barəmdə şayiələr danışılırsa, demək ki, mən varam.
– Bəs bu şayiələr səni ruhdan salmır?
– Qətiyyən, çünki mənim itirəcəyim heç nə yoxdur. Kim nə günah edirsə, öz adına yazılır. Hər kəs elədiyi yaxşılıq və pisliyin cavabını alacaq. Hərdən deyirəm ki, ay bədbəxt, niyə axı mənə görə özünü günaha batırırsan?
– Bu yaxınlarda sosial şəbəkədə bir stutus diqqətimi çəkdi: Şərqlə Qərbin fərqi bundadır ki, Şərqdə elədiklərinə görə başqalarına hesabat verirsən, Qərbdə isə yalnız özünə…
– Mən yalnız özümə hesabat verən adamam.
– Yəni bir addım atanda, düşünmürsən ki, qonşu nə deyər, qohumlar nə deyər?
– İnanın ki, düşünmürəm. Mən öz həyatımı yaşamağı sevirəm. Mən nə qonşumun, nə valideynlərimin, nə də qohum-əqrəbanın həyatını yox, özümə Allah tərəfindən verilən ömrü yaşayıram. Allahın mənə verdiyi həyatın haqqını verməliyəm.
– Qadınlar qocalmaqdan qorxur, bəs sən?
– Qadının yaşı üstə yaş gəldikcə daha da müdrikləşir. Heç vaxt yaşlanmaqdan qorxmamışam. Son vaxtlar oğlumu görənlər təəccüblə soruşurlar ki, neçə yaşında ərə getmisən? Bu sual məni əsəbiləşdirir. 23 yaşda ərə getmişəm, indi 39 yaşım var. Bu boyda oğlumun olması normaldır. Öz yaşımı göstərmirəm də. Buna görə heç kimə yaş da verə bilmirəm. Fikirləşirəm ki, mən yaşımdan cavan göründüyüm kimi bəlkə o da yaşından cavan görünür?! Qadının yaşı onun ağlıdır.
– Sevgidə yaş faktoru sənin üçün önəmlidir?
– Mənim üçün önəmi yoxdur. Əgər iki insan arasında doğrudan da sevgi varsa, yaşın nə fərqi var?!
– Azərbaycanlıların belə münasibətə baxışı fərqlidir amma…
– Hə, o saat deyirlər ki, yəqin qadının malı-pulu var, oğlanı bu yolla ələ keçirib. Amma elələrinə demək lazımdır ki, bəlkə onları bağlayan bağlar var? Kim kimi məcbur edə bilər ki, bir yerdə olsunlar. Demək ki, bir-birilərinin yanında rahatdırlar.
– Gözəl qadınsan…
– Qadından bu sözü eşitmək çox gözəldir.
– Deyirlər, qadını sevgi gözəlləşdirir…
– Düz deyirlər. Əlbəttə qadın sevgisiz yaşaya bilməz.
– Vətəndaş nikahına necə baxırsan?
– Çox gözəl baxıram və həyatımda da belə bir insan var.
Cəvahir Səlimqızı
Yenicag.az
www.yenicag.az