Əməkdar artist Rəhman Rəhmanovun “Elgizlə izlə” proqramında doğum günü olan aparıcı Elgiz Əkbərə pul hədiyyə etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yenicag.az-a açıqlama verən aktyor məsələyə aydınlıq gətirib:
“Elgizlə mən çoxdan dostuq, çox gözəl insandır, onun heç pula da ehtiyacı yoxdur.
Evdən gəlmirdim, yoxsa hədiyyə gətirəcəkdim. Buna görə də dedim, bu pulu verirəm sənə, özünə köynək alarsan. Ürəyim istədi, verdim. Bəlkə də başqa adam versəydi, götürməzdi, hətta onu acılayardı da. Amma məni çox istədiyinə görə, əlimi geri qaytarmadı. Dedi, bu yaxında sənin də yubileyin olacaq, əvəzini artıqlaması ilə çıxacam. Buna bir don geyindirməyin mənası yoxdur, nahaq insanlar onu tənqid edir. O yaxşı insandır”.
Qeyd edək ki, Rəhman Rəhmanov efirdə Elgizə hədiyyə ala bilmədiyini deyib. Elgiz isə ona “Sənin adətindir… Nə vaxt əlidolu gəlmisən? Ürəyiaçıq insandır…” cavabını verib. Aktyor “Amma cibidolu gəlmişəm” deyib və pul çıxararaq Elgizin cibinə qoyub. Bu görüntü də sosial şəbəkədə paylaşılaraq tənqid edilib.
Cəvahir
www.yenicag.az