“Bu yaşıma qədər özümə təmtəraqlı doğum günü qeyd etməmişəm, çünki sevmirəm. Allah ömür verərsə, gələcəkdə özümə bir yubiley tədbiri keçirərəm. O yaşa sağlıqla gəlib çataq və “bu ömrü yaşamağa dəyər” deyə bir doğum günü keçirərəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri doğum günü təəssüratlarını bölüşərkən xalq artisti Gülyanaq Məmmədova söyləyib.
Sənətçi gecə səhərə qədər yatmadığını və təbrik mesajlarını cavablandırdığını bildirib:
“Gecədən səhərə qədər yatmayıb təbrik mesajlarını cavablandırmışam. Hələ nə qədəri də qalıb, oturub hamısına cavab yazacam. Bu qədər diqqətin qarşılığında sevinc içindəyəm. Bir qədər kövrəyəm, çünki ömürdən bir il də gedir, yaşa doluram. Bir qadın olaraq, hər yaşda gözəl, təravətli olmağa çalışırıq. Amma istəsək də, istəməsək də, yaş üstə yaş gəlir. Məni belə təravətli saxlayan isə xalqın sevgisidir”.
Xalq artisti ilk hədiyyəni bacısı Gülyazdan alıb:
“İlk hədiyyəm bacım Gülyazdan gəldi. Uşaqlarım, həyat yoldaşım o üzümdən, bu üzümdən öpüb təbrik etdi. Mənim üçün ən dəyərli hədiyyə ürəkdən gələn səmimi sevgi və hörmətdən ibarətdir”.
Cəvahir
www.yenicag.az