“Dövlət dini etiqadından asılı olmayaraq, hər kəsə eyni yanaşır” – ŞƏRH

“Ölkədə dini qarşıdurmalar baş vermir, dinlərarası münaqişələr yaşanmır. Bu kimi halların yaşanmaması çox vacibdir”.

Bu sözləri ölkəmizdə dini və milli tolerantlıqla bağlı vəziyyəti dəyərləndirən Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında deyib.

Sosioloqa görə, Azərbaycanda din siyasətinin arzuolunan səviyyədə olması dinlərarası toqquşmalara şərait yaratmır:

“Ölkəmizdə dini sıxışdırmaq və ya insanları inancına görə təkləmək kimi hallar mövcud deyil. Azərbaycanda kifayət qədər fərqli dinlərin nümayəndələri yaşayır və öz ibadətgahları var. Onlar çox rahatlıqla həmin ibadətgahlara gedə bilirlər. Dövlət dini etiqadından asılı olmayaraq, hər kəsə eyni mövqe ilə yanaşır. Ölkə başçısı dini bayramlarda liderlərlə görüşür. Hətta dövlətin ən mötəbər tədbirlərində bütün dinlərin nümayəndələri iştirak edirlər. Fikrimcə, prezident İlham Əliyev bu məsələdə balansı kifayət qədər peşəkar formada qoruyub saxlayır. Ölkədə dini qarşıdurmalar baş vermir, dinlərarası münaqişələr yaşanmır. Bu kimi halların yaşanmaması çox vacibdir.

Son zamanlar dünya ölkələrində dinlə bağlı böyük iğtişaşlar yaşanır. Müxtəlif dini inancı olan insanlar qarşıdurmaya girir. Ölkəmizdə bu halların yaşanmaması təqdirəlayiqdir. Son günlər bəzi qüvvələr dini balansı pozmağa çalışsa da, hesablanmış addımlar sayəsində onların cəhdi alınmadı. Azərbaycan özündə çox dinləri birləşdirən və tolerantlıq üçün ən nümunəvi ölkədir. Azərbaycanda etnik azlıqlar da sülh içərisində yaşayırlar. Ölkədə yaşayan milli azlıqlar özlərini yad kimi hiss etmirlər. Çünki onlara olduqca doğma münasibət bəslənir”.

Gülşən Şərif

COP29