Dövlət rəsmilərinə qarşı RƏQƏMSAL SİLAH: "Bu, birbaşa xaricdən idarə olunan təxribatdır"
“Xaricdən idarə olunan bu saxta kontentlər adətən insanların emosiyaları ilə oynamaq, onları təşvişə salmaq və ya maddi ziyana uğratmaq məqsədi güdür.”
Yenicag.az xəbər verir ki, bu fikirləri informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov bildirib.

Ekspert saxta hesablarla Azərbaycanın vəzifəli şəxsləri və dövlət adamlarının adından şirnikləşdirici məlumatlar yayaraq dələduzluq edənlər haqqında danışıb:
“Deepfake texnologiyasına sadəcə bir “montaj növü” kimi yox, rəqəmsal dünyada yeni nəsil psixoloji silah kimi baxmaq lazımdır. Bu videoların ən təhlükəli tərəfi odur ki, onlar çox vaxt ölkə daxilindən deyil, məhz xaricdən Azərbaycanın imicinə zərbə vurmaq istəyən mərkəzlər tərəfindən idarə olunur. Daha öncə ölkə başçısı İlham Əliyevin adından yayılan saxta investisiya layihələri və ya Hikmət Hacıyevlə bağlı son görüntülər göstərir ki, kənar qüvvələr süni intellektdən istifadə edərək cəmiyyətdə xaos və inamsızlıq yaratmağa çalışırlar.”
E. Abbasov qeyd edib ki, bu cür videoların saxtalığını müəyyən etmək üçün artıq təkcə texniki detallara deyil, həm də məntiq və kontekstə diqqət yetirilməlidir:
“Əgər bir video rəsmi dövlət televiziyalarında deyil, yalnız xaricdən idarə olunan şübhəli səhifələrdə paylaşılırsa, görüntüdəki şəxsin gözlərində donma və ya səsində robotik ton varsa, bu, Deepfake-dir. Kibertəhlükəsizlik baxımından ayıq-sayıq olmalı və hər bir sensasiyalı məlumatı mütləq rəsmi mənbələrlə dəqiqləşdirməliyik.”
Nurlan Cəfəri












