“Əgər Mərkəzi Bankın rəhbərliyi dəyişərsə, o halda…” – Natiq Cəfərli

“Mərkəzi Bank yenilənən manatın Əsasnaməsi və çap xərcləri ilə bağlı detallı məlumat vermir”.

Bu il yanvarın 1-dən etibarən, Mərkəzi Bank tərəfindən yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb.

Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarında ən yeni mühafizə elementləri olaraq, 3D effektində hərəkət edən, rəngi dəyişən, dinamik işıq effekti saçan və rəngi dəyişən təsvirlər, su nişanı, görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda xüsusi qabarıq xətlər) yerləşdirilib.

Bu xətlərə toxunmaqla, pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür. Şaquli dizaynda mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və başqa elementlərdən istifadə olunub.

Manatın yeni dizaynına münasibət bildirən iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib ki, manatın yenilənməsi maraqlı addım olsa da, sərf oluna xərclər gizlədilir:

“Qanunvericiliyə görə, Mərkəzi Bank müstəqil qurumdur. Lakin manatın dizaynının yenilənməsi Mərkəzi Bankın təqdimatı əsasında Nazirlər Kabineti ilə birgə məsləhətləşmədən sonra baş tutur. Ona görə də ölkənin pul əskinaslarının üzərində Mərkəzi Bankın rəhbərinin imzası var. Əgər Mərkəzi Bankın rəhbərliyi dəyişərsə, o halda növbəti pul əskinasları yeni rəhbərin imzası ilə çap ediləcək.

Əslində, manatın dizaynının yenilənməsi maraqlı oldu. Bununla belə, manatın dizaynını tənzimləyən Əsasnaməni tapmaq mümkün deyil. Cəmi bir neçə cümlə ilə yeni dizayn sayəsində manatın mühafizə sisteminin artırıldığı qeyd olunub. Mərkəzi Bank yeni dizaynın neçəyə başa gəldiyi və çap xərcləri ilə bağlı ictimaiyyətə heç bir məlumat verməyib”.

Yeni dizaynda musiqi alətlərinin görüntüsünə geniş yer verilməsinə də toxunan Natiq Cəfərlinin fikrincə, bu eskizlər İkinci Qarabağ Müharibəsindən öncə hazırlandığı üçün yeni əskinaslarda Qələbəyə aid elementlər yer almayıb:

“Görünür, yeni dizayn torpaqlarımızın işğaldan azad olunduğu müddətdən öncə qəbul edilib. Çünki bu cür qərar qısa vaxt ərzində qəbul edilmir. Nəzərə alaq ki, hələlik 1, 5 və 50 manatlıq əskinaslarda yenilik edilib.

Ola bilər ki, növbəti mərhələdə digər əskinasların dizaynı yenilənəndə, onlarda torpaqlarımızın işğaldan azad edilməsinə dair işarələr öz əksini tapsın”.

Gülşən Şərif

COP29