Elman Nəsirov yeni həmməruzəçi təyinatını şərh etdi
Yanvarın 28-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin iclası keçirilib və Azərbaycan üzrə yeni həmməruzəçi polşalı deputat Tadeuş İvinski təyin edilib.
Görəsən, bu təyinat xeyirliyədir, yoxsa ziyana?
Yenicag.az-a açıqlamasında politoloq Elman Nəsirov təyinatın xeyirli olacağına ümid etdiyini bildirdi: “Polşalı deputatın Azərbaycan üzrə həmməruzəçi seçilməsi məlum prosesdir və burada yeni bir şey yoxdur. Sadəcə olaraq, həmməruzəçinin təyin edilməsi prosesi özü normal prosesdir. Burada qeyri-adi nəsə yoxdur. Sadəcə, əsas məqsədimiz ondan ibarətdir ki, həmməruzəçilər öz fəaliyyətlərində siyasi sifariş əsasında işləməsinlər, həqiqəti ifadə etsinlər. Bir çox hallarda şahid olmuşuq ki, qabaqcadan hesabatlar hazırlayır və vaxtın keçməsini gözləyirlər. Ümid edirik ki, Polşadan olan həmməruzəçi ölkəmizlə bağlı məsələlərdə obyektiv reallığı əks etdirəcək. Hesab edirəm ki, AŞ PA-da müəyyən qüvvələr Azərbaycanda yalnız istədiklərini görmək istəyirlər. İstədikləri isə bir çox hallarda reallığı əks etdirmir, təzyiq elementi funksiyasını yerinə yetirir. Ona görə istərdik ki, Azərbaycanda olan reallığı əks etdirsinlər. Çox istərdik ki, Dağlıq Qarabağ məsələsi, Ermənistanın işğalçı siyasəti və onun nəticələri ilə bağlı məsələlər AŞ PA məruzəçilərinin hesabatlarında əksini tapsın. Düzdür, bununla bağlı Böyük Britaniyadan olan məruzəçi təyin edilib. Amma istənilən halda hesab edirəm ki, həmməruzəcilər Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı məsələdən bəhs edərkən, unutmasınlar ki, 1 milyondan çox soydaşımızın hüququ total şəkildə pozulub və AŞ PA ona hələ də adekvat reaksiya verməyib. Halbuki, Rusiyanın AŞ PA-da fəaliyyəti aprelə qədər donduruldu, o səsvermə hüququndan məhrum edilib. Ümid edirik ki, Polşadan olan həmməruzəçi Azərbaycanla bağlı üzərinə düşən vəzifənin öhdəsindən gələrkən sifariş əsasında deyil, obyektiv reallıqlar əsasında öz hesabatını hazırlayacaq”.
Rüfət