“Azərbaycan tərəfi Zəngəzur məsələsini müvəqqəti olaraq, gündəmdən çıxardı. Belə ki, Prezidentin xarici məsələlər üzrə köməkçisi Elçin Əmirbəyov ABŞ-də oldu və qayıtdıqdan sonra bu xəbəri açıqladı”.
Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Tofiq Abbasov deyib.
Siyasi təhlilçi Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı israrından və Ermənistanın Qərbin direktivləri əsasında bu məsələdən yayınmasından söz açıb.
T. Abbasova görə, bu gün faktiki olaraq biz Rusiyanın bu prosesə böyük maraq göstərməsinin şahidiyik:
“Biz bu məsələyə zidd deyilik, çünki dəhlizlərin sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Bu prosesə Azərbaycan “hə” deyib, lakin sonra rəsmi Bakı İranla alternativ xətt çəkməyə qərar verdi və bu xətt çəkildi. Yəni Azərbaycanın burada heç bir problemi və müşkülü yoxdur. Amma Rusiya üçün bu dəhliz lazımdır. Çünki 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda bu məsələ gündəmə gəldi və Azərbaycanla raızlaşdırılmışdı. Lakin Ermənistan Qərbin “fitvası” və digər ölkələrin təhrikedici yanaşması ilə bu məsələni arxaya atmağa çalışır və ümumiyyətlə, gündəmdən çıxarmaq istəyir. İrəvan bildirir ki, o, öz ərazisini eksterritorial statusla təmin olunacaq dəhlizə verəcək niyyətində deyil”.
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan bu məsələyə çox sağlam tərzdə yanaşdı:
“Əgər dəhliz Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Biz, istənilən halda, Ermənistandan asılı deyilik, amma Zəngəzur dəhlizi tək bölgə dövlətlərinə yox, ümumilikdə bizdən uzaqda yerləşən ölkələrə də lazımdır. Çünki bu transkontinental bir xətdir. Eləcə də vaxtilə türk dünyasını parçalamaqdan ötrü bəzi dövlətlər çalışırdılar ki. Regionda erməni amilini zorla yerləşdirsinlər və xalqlar arasında sədd yaradıb, onları bir-birindən ayırsınlar. İndi isə tarixi səhvlərə öz korrektələrimizi edib, bunun fəsadlarını aradan qaldırırıq”.
Mütəxəssisin qənaətinə görə, Ermənistan isə əvvəlki kimi burada müqavimət göstərir, çalışır problem yaratsın, o cümlədən də Rusiya ilə münasibətləri gərginləşdirir:
“Sirr deyil ki, rəsmi İrəvan həm Qərbin “fitvası”, həm də daxilində radikal qrupların məramı ilə çalışırlar ki, Rusiya ilə vəziyyəti daha gərginləşdirsinlər və vektorlarını Qərbə doğru işlək vəziyyətə salmaq niyyətlərini reallaşdırsınlar. Hər halda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu məsələ ilə bağlı narazılığını bildirib və onların diqqətinə çatdırıb ki, Ermənistan açıq sabotaj vəziyyətinə keçib. Baş verənlər ermənilərin özlərinin məkrindən və gözləntilərindən irəli gəlir”.
“Ermənistan bu gün ABŞ, Fransa, Yunanıstan və digər Qərb ölkələrindən vədlər alırlar ki, onlara silah-sursat veriləcək, erməni ordusu yeni imkanlar əldə edəcək. Belə olan halda, Ermənistan özlərində güc tapanda Azərbaycana təhdid törədə bilər. Ancaq bunlar bir xülyadır və ermənilər də bu xülyanın əsiri olublar və heç nə edə bilməyəcəklər. Çünki Azərbaycan güc göstəricilərindən Ermənistanı üstələyir, eləcə də bizim mövqelərimiz daha üstün və etibarlıdır. 70 faizə qədər hərbi potensialını itirən ölkə indi müharibə haqqında düşünməli deyil, əksinə, qurucu planlara köklənməlidir. Ancaq ermənilərə bunu etməyə qoymurlar. Paşinyan da qətiyyəti olmayan bir adam kimi bilmir, nə etsin. Ona görə də bu durumun belə olması Ermənistanın ancaq zərərinədir” – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az