!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ETSN-nin səlahiyyəti artırılmayınca, qanunsuz ağac kəsimi davam edəcək” - Ekspert

!Reklam – Yazi

“Ağacların və yaşıllıqların qanunsuz olaraq məhv edilməsilə bağlı yaşanan problemin həlli mümkündür. Lakin düşünürəm ki, bu yolun həlli cərimələr və onun artırılmasından keçmir. Çıxış yolu şəhərsalma ilə əlaqədar verilən icazələrdə ETSN-nin səlahiyyət imkanlarının genişləndirilməsinə nail olmaqdan keçir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ağacların və yaşıllıqların qanunsuz olaraq məhv edilməsinə qarşı mübarizədə cərimələrin artırılması ilə bağlı hökumətə edəcəyi müraciətinə münasibət bildirərkən müstəqil ekspert, ekoloq Samir İsayev deyib:

“Binaların tikintisilə bağlı ekoloji ekspertiza keçirilməli olduğu halda, bu baş vermir. Ekoloji ekspertizada binaların ətraf mühitə təsirləri qiymətləndirilir və bu prosesdə vətəndaş cəmiyyəti də iştirak edir. ETSN yaşıllıq kəsilməmişdən əvvəl onun yerində olub-olmaması ilə bağlı rəyini bildirir. Bu zaman şəhərsalma ehtiyacı və ictimai maraqlar əhəmiyyət daşıyırsa, ETSN ağacların kəsilməsi və yaxud başqa yerə köçürülməsilə bağlı qərar qəbul edə bilər. Lakin hazırda belə bir tikinti zamanı qərar verilərkən ETSN-nin rəyi soruşulmur. Çünki, qanunvericilikdə bu amil öhdəlik kimi qoyulmayıb. Ən böyük problem də budur. ETSN öncədən bu tikintiyə icazə verməsə, o zaman yaşıllıq və ağacların məhv edilməsinin qarşısını almaq istiqamətində daha uğurlu nəticələri görə bilərik. Amma indiki halda, icazə verilib-verilməməsi məsələsi ETSN-dən ümumiyyətlə soruşulmur. Dünyanın sivil ölkələrində isə tikinti işlərinə başlamazdan qabaq onun ətraf mühitə təsirinin qiymətləndirilməsi keçirilir və ETSN ona rəy verir. Ölkəmizdə bu proses yoxdur”.

Bu əsasda ekspert, qanunsuz ağac kəsilməsinə görə cəzanın ağırlığını artırmaqla insanları bu əməli törətməkdən yayındırmağın mümkün olmayacağını düşünür:
“Ağacların qanunsuz olaraq kəsilməsilə bağlı məsuliyyətin artırılmasını nəzərdə tutan dəyişikliklər uzun müddətdir ki, müzakirə edilir. Məlumatıma görə, bu məsələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) də gündəliyindədir. İki il bundan qabaq da ağacların kəsilməsinə görə cərimələrin artırılması ilə bağlı oxşar müzakirələr başlamışdı. O zaman İnzibati Xətalar Məcəlləsində ağacların qanunsuz kəsilməsi və zədələnməsinə görə tətbiq edilən cərimələr artırıldı. Ancaq görünür bu tədbir ağacları kəsməkdə davam edən şəxsləri prosesdən çəkindirməkdə effektli olmayıb. Hazırda təklif olunur ki, bu istiqamətdə məsuliyyət bir qədər də artırılsın. Bu məsələyə münasibətim bir qədər fərqlidir. Hesab etmirəm ki, cəzanın ağırlığını artırmaqla insanları hansısa bir qanunsuz əməl törətməkdən yayındırmaq olar. Düzdür, bu da müəyyən bir çəkindirici vasitədir. Əsas məsələ törədilmiş əmələ görə şəxslərin cəzalandırılmasına nail olmaqdır. Bu gün hansısa bir ağacın qanunsuz kəsilməsinə görə ETSN vətəndaşı, hüquqi və yaxud vəzifəli şəxsi cərimələsə də, həmin cərimə hansısa səbəbdən alınmır, xətanı törədən şəxs cərimənin ödənilməsilə əlaqədar məhrumiyyət yaşamırsa, sözsüz ki, belə vəziyyətdə tətbiq olunan cəza səmərəsiz olacaq. Bu kimi məsələlər problemin həlli istiqamətində heç bir real nəticəyə gətirib çıxarmayacaq”.

S.İsayevin fikrincə, sözügedən istiqamətdə digər problem isə tətbiq edilən cərimələrin ödənilməsinə nail olmamağımızdadır:
“Heydər Əliyev vaxtilə deyirdi ki, dövlət iki şeydən sarsıla bilər: günahsız şəxslər məsuliyyətə cəlb edildikdə və təqsirkar şəxslər məsuliyyətdən kənarda qaldıqda. Ağacların qanunsuz olaraq kəsilməsilə bağlı məsuliyyət də yalnız onun tətbiqilə yekunlaşmamalıdır. Həmin cərimələrin ödənilməsinə də nail olmalıyıq. Ödənilmə təmin edilməyincə hansı məsuliyyətdən söhbət gedə bilər? Hətta bu istiqamətdə məhkəmə qərarları belə icra olunmur. Bu baxımdan tətbiq edilən və artırılan cərimələrin səmərəliliyi olmur. Fiziki, hüquqi və vəzifəli şəxslər bu fonda da həmin qanunsuz əməllərindən çəkinməməkdə davam edirlər.
Xüsusilə şəhərlərdə ağacların qanunsuz kəsilməsini aktual edən məsələ şəhərsalma ilə bağlı infrastruktur layihələri və binaların tikintisidir. Əksər hallarda narazılıq doğuran hal budur. Çünki şirkətlər yerli icra hakimiyyətinin tikintilə bağlı sərəncamını almaqla gedib tikinti meydançasını boşaldır, buradakı yaşıllıq və ağacları kəsirlər. Onlara münasibətdə yalandan cərimələr də yazılır, heç yeri gələndə bu cərimələri də ödəmirlər. Ağaclar qanunsuz olaraq kəsilsə də, bir çox hallarda ETSN əməkdaşları bu əməli törədənlərə cərimələri belə tətbiq edə bilmir”.

Qeyd edək ki, ETSN ağacların tək-tək və yaxud kütləvi şəkildə qanunsuz kəsilməsinə qarşı cərimələrin artırılması üçün hökumətə müraciət hazırlayır. Bu barədə məlumatı nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva verib.

ELÇİN

COP29

www.yenicag.az

1725
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv