Hansı nazirlər namaz qılır?
Namaz qılmaq, Oruc tutmaq İslam dininin əsas şərtlərindəndir. “Qurani Kərim”də buyrulduğu kimi, namaz, oruc hər bir müsəlman üçün vacibdir. Azərbaycanda dinimizin şərtlərinə əməl edib Allaha ibadət edənlər arasında təkcə adi vətəndaşlar deyil, millət vəkilləri, tanınmış şəxslər, yüksək vəzifəli məmurlara rast gəlmək mümkündür.
Maraqlıdır, bəs nazirlərimiz arasında namaz qılıb oruc tutanlar varmı?
Bu mövzu ilə bağlı kiçik araşdırma aparılıb.
İlk öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ibadət edib-etməməyini öyrənməyə çalışdıq. Bu məqsədlə nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva ilə əlaqə saxladıq.
Ə.Qarayevin dinə münasibətindən danışmaq istəməyən mətbuat katibi bu barədə məlumatsız olduğunu deyib.
Daha sonra Daxili İşlər Nazirliyindən nazir Ramil Usubovun dini mövqeyi barədə xəbər almaq istədik.
DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə “Xəbərim yoxdur. Bu rəhbərliyin şəxsi işidir”-deyə sualımıza cavab verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Hüseynqulu Bağırovun dini mövqeyindən məlumatsızdır.
“Nazirin oruc tutub-tutması barədə məlumatım yoxdur. Özümə gəldikdə isə deyə bilərəm ki, oruc tutmuram”.
Qeyd edək ki, H.Bağırovun İslam dininə münasibətinin birmənalı olmadığı deyilir.
Bəs, adı nurçu qalmaqalında hallanan Azad Rəhimov necə namaz qılıb, oruc tuturmu?
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da nazirin oruc tutmasından xəbərsiz olduğunu deyib:
“Bilmirəm nazir oruc tutur ya tutmur, amma mən tuturam”.
Əlaqə saxladığımız digər dövlət qurumlarından da sualımıza analoji cavab verildi: “Bilmirik…”
Mətbuat xidmətləri nazirlərin dini mövqeyindən xəbərsiz olsalarda ictimaiyyət arasında yayılan məlumatlara görə, yüksək vəzifəli məmurlar və ailə üzvləri arasında Allaha inanıb ibadət edənlər az deyil.
Mətbuat kluarlarında gəzib-dolanan xəbərlərə görə, nəqliyyat naziri Ziya Məmmədov dindar imiş. Deyilənlərə görə, nazir vaxtlı-vaxtında namazını qılır və dinin digər vacibatlarını yerinə yetirir. Nazirlə yanaşı onun yaxın ətrafında, qohumları arasında ibadət edənlər var.
Məlumata görə, nazirin yaxınları, qohumları, həmçinin əsas şəriklərindən olan Hafiz Məmmədovun yaxın ətrafı arasında ibadət edən xeyli insanlar var.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dinə bağlı olduğu deyilir. Yayılan xəbərlərə görə, nazir mütəmadi olaraq kasıb insanlara əl tutur, zəkat verir, Ramazan ayında dindarlar üçün iftar süfrələri açır.
Vergilər naziri Fazil Məmmədov namaz qılmasa da İslam dininə münasibəti müsbətdir. Onun ailəsi üzvləri arasında namaz qılanlar çoxluq təşkil edir. Hətta onun çevrəsində çalışan işçilərin əksəriyyətinin namaz qılıb ibadət etdiri bildirilir.