“Haqsızlıqlar, ədalətsizliklər baş alıb gedir”
“30-40 il əvvəl konflikt zonalarının, dünyada mövcud olan qaçqın və məcburi köçkünlərin sayı indikindən 2-3 dəfə az olub”
“Dünyada haqsızlıqlar, ədalətsizliklər baş alıb gedir. Nə qədər dünya ictimaiyyəti bu haqsızlığa, ədalətsizliyə göz yumacaq, belə hallar davam edəcək və artacaq”.
Bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilən Ombudsmanların XII Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 30-40 il əvvəl konflikt zonalarının, dünyada mövcud olan qaçqın və məcburi köçkünlərin sayı indikindən 2-3 dəfə az olub.
Ə.Həsənov qeyd edib ki, bu gün dünyada qaçqınların sayı 40 milyonu keçib: “Son 30-40 ildə dünyada yeni terminologiya – məcburi köçkün adı yaranıb. Bu, son 30-40 ilin məhsuldur. Biz nədən danışırıq? Guya dünya inkişaf, sivilizasiya, insan hüquqlarının qorunması, demokratik inkişaf yüksək səviyyəyə qalxır. Budurmu demokratik inkişaf, insan hüquqlarının qorunması? İlbəil qaçqınların, konflikt zonalarının sayı artır, hər gün 10 minlərlə insan həlak olur. Görün necə şərait yaranıb ki, artıq insan ölümünə insanlar çox rahat, sadə reaksiya verir. Eşidilir və adi bir informasiya kimi qəbul edilir. Budurmu dünyanın demokratik və hüquqi inkişaf yolu? Əgər budursa, hansı gələcəkdən danışırıq?”
Ə.Həsənov qeyd edib ki, beynəlxalq təşkilatlar öz işlərini belə davam etdirsə, sabah ölkələr o təşkilatlardakı üzvlükdən çıxacaqlar: “Mən neynirəm ora hər il müəyyən üzvlük haqqını ödəyim, amma o, qəbul etdiyi qərarı yerinə yetirməsin? O zaman təşkilat mənim nəyimə lazımdır? Sərhədlərimizin tanınması, ərazi bütövlüyümüzün qorunması ilə bağlı qətnamələri niyə icra etmirsiz?”
Beynəlxalq qurumların nümayəndələrinə səslənən Ə.Həsənov onları inciməməyə çağırıb: “Real həqiqətləri deyirik, tənqidi danışıq tamam başqadır. Tənqidə keçsək, buna çoxu dözməz. Biz olanları, faktları, mövcud vəziyyəti deyirik. Bizim günahımız nədir? Azərbaycan qoşulduğu bütün beynəlxalq konvensiyalara hörmətlə yanaşır və onu icra edir. Azərbaycan bir neçə il öncə BMT Təhlükəsizlik Şurasında 155 ölkənin səsini, etibarını qazanıbsa, bu o deməkdir ki, ölkəmiz dünya ölkələri ilə əməkdaşlıq yolundadır. Bəs onda bizə qarşı vəziyyət niyə belədir? Bizim enerji resurslarımızdan hamı istifadə etmək istəyir, təbii resurslardan bəhrələnmək istəyir, amma əvəzində heç nə vermək istəmirlər. Belə olmur axı. Təcavüzkarın adına təcavüzkar demək lazımdır”.
Ə.Həsənov vurğulayıb ki, bu gün Ermənistan heç kimə lazım deyil. Onun sözlərinə görə, Ermənistan inkişaf etməyən, dünya ölkələrində heç əhəmiyyətə malik olmayan, öz sözü olmayan, müstəqil siyasəti olmayan bir ölkədir: “Təcavüzkar, şovinist, millətpərəst, separatçı – bu ölkənin adı budur. Kimə lazımdır belə bir ölkə? Biz hesab edirik ki, bu gün Azərbaycan öz qonşuları üçün Ermənistandan 100 dəfə çox lazımlıdır. Azərbaycan kimi tolerant ölkə yoxdur. Belə bir xalqa nə üçün bu cür yanaşılır? Necə inanaq ki, dünya ədalətli dünyadır, haqq-ədalət dünyasıdır?”