Yaxın günlərdə ölkəmizin paytaxtı Bakıda daha bir beynəlxalq miqyaslı tədbir öz işinə başlayacaq. Belə ki, bütün dünyada aktuallığı günü-gündən artan İctimaiyyətlə Əlaqələr sektoru Azərbaycanda da mövqeyini möhkəmləndirməkdədir.
Yenicag.az xəbər verir ki, 2018-ci il fevralın 17-18-də Bakıda ilk dəfə olaraq gerçəkləşəcək Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu da dünyanın bu çağırışına səs vermək təşəbbüsüdür.
Forumun təşkilatçısı PRoloq İctimai Əlaqələrin İnkişafı Mərkəzi və mərkəzin PRoloq (www.proloq.az) online jurnalıdır. Forum “Beynəlxalq PR Assosiasiyası (IPRA) tərəfindən dəstəklənən tədbir” xüsusi statusuna layiq görülüb və “endorsed by IPRA” loqosu ilə gerçəkləşəcək. Forum Azərbaycan Respublikası Mətbuat Şurası və Beylnəlxalq Karyera İnstitutu tərəfindən də dəstəklənir.
Müxtəlif yerli qurumların və dünyanın aparıcı ictimaiyyətlə əlaqələr agentliklərinin marağına səbəb olan forumda yerli mütəxəssislərlə yanaşı, Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının prezidendi (IPRA) Bart de Vries başda olmaqla Amerika, İngiltərə, Rusiya, Türkiyə, Yaponiya, Almaniya, Bolgarıstan, Qazaxıstan, Misir, Şimali Kipr və başqa ölkələrdən olan peşəkarlar təqdimatlar edəcəklər.
Forumun proqramında “Qarşılıqlı münasibətlər erasına xoş gəlmisiniz”, “ PR-da yaradıcılıq: strateji zərurət”, “Yaradıcılıqda mükəmməllik gerçəkliyi”, “Yaponiyanın PR təcrübəsi”, “PR-da uğur, rəqabət və tərəfdaşlıq kifayət qədər innovativdirmi?” və başqa mövzularda kreativ təqdimatlar var.
Bütün sahələrdə olduğu kimi, müasir dünyada çox önəm verilən təhsil sahəsində də İctimaiyyətlə Əlaqələrin böyük rolu var. Odur ki, Forum çərçivəsində ayrıca Təhsil paneli də gerçəkləşdiriləcək. Məşhur təhsil və PR ekspertləri bir araya gələrək “Beynəlxalq təhsil brendinin formalaşmasında PR-ın gücü”,“Təhsildə Finlandiya modeli niyə maraqlıdır?”, “Dünyanı dəyişdirəcək uşaq sizin sinifinizdə ola bilər”, “Şagirdlərdə özünə inam yaratmaq və onların yaradıcılığına təkan verməyin yolları” “Öyrədən müəllimdən ilham verən müəllimə çevrilmək” və başqa mövzularda təqdimatlar edəcəklər.
Forumun təşkilat komitəsindən verilən məlumata görə, belə bir beynəlxalq miqyaslı tədbirin keçirilməsində məqsəd Azərbaycanda özünün inkişaf mərhələsini yaşayan ictimaiyyətlə əlaqələr sahəsində mövcud vəziyyəti təhlil etmək, atılan müsbət addımları təqdir etməklə yanaşı, çatışmazlıqları aşkara çıxarıb onların aradan qaldırılması yollarını müzakirə etmək, təcrübə mübadiləsi aparmaq, beynəlxalq əməkdaşlıqlara vəsilə olmaqdır.
Foruma bu sahədə təhsil verən universitetlərinin müəllimləri, tədqiqatçılar, alimlər, elm və sənət adamları da dəvət olunublar.
Forumun ölkəmizdəbu sahədə çalışan insanlara töfhəsi təcrübə mübadiləsi, dünyanın aparıcı PR mütəxəssisləri ilə ünsiyyət, yeni işgüzar münasibətlərin formalaşdırılması, PR sahəsindəki ən son tendensiyalarla tanışlıq imkanları olacaq.
Foruma çox sayıda iştirakçı qatılacaq.
www.yenicag.az