Əslində bu yazını 24 iyun seçkilərindən sonra yazmağa başlamışdım. Fəqət yarımçıq saxladım. Çünki mümkün olduğu qədər seçki dövründə də Türkiyənin bu daxili məsələsi ilə bağlı yazmamağa çalışdım. Hətta bir neçə dəfə “Qardaş da olsaq, bu onların seçimi, bizə düşən Türkiyənin qazanmasını istəmək” yazdım. İllah da, diskussiyaya çəkmək və nədənsə, özünü Ərdoğanın uduzacağını üzümüzə elan etməyə məcbur bilənlərə cavab vermək xaricində seçki prosesindən yazmadım. Ancaq bu gün Türkiyə bir iqtisadi terrorla üz-üzədir və ABŞ ilk dəfə bəslədiklərini meydana çıxartmayıb, özü meydandadır. Bu səbəbdən də, yazını tamamlamağa ehtiyac var deyə, düşündüm.
Tələbəlik dövründən bəri, Türkiyəni, türk insanını tanıdığım üçün bəzi gerçəkləri dəfələrlə Azərbaycandakı dosta-tanışa anlatmışam.
Qardaş olsa belə, bir əcnəbinin türkiyəli bir siyasini lider kimi dəstəkləməsi Türkiyə vətəndaşını sevindirər. Ancaq həmin əcnəbi ona seçki ilə bağlı ağıl verəndə, “o namizədə deyil, bu namizədə səs ver” dedikdə, türkün münasibəti dəyişir. Ona görə də, türk siyasiləri üzərindən “Facebook”un Azərbaycan seqmentində gedən qovğaya əsla qoşulmamaqla birlikdə, hər dəfə bunun yanlış olduğunu yazdım.
Bu şəxslərin anti-ərdoğançılığının əslində Türkiyə düşmənçiliyi olduğunu, ABŞ-ın cazibə dairəsindən uzaqlaşdıran hər addıma kin bəslədiklərini görmək üçün əllamə olmağa ehtiyac yoxdur.
İçimizdəki amerikalıları tanımaq üçün qısa müşahidə yetərlidir:
– Türkiyədə seçkilər olur, Azərbaycanı belə doğru-düzgün tanımayan, ömründə bülleten görməmiş biriləri qolları çirmələyib, 100 illik seçki ənənəsi olan qosqoca Türkiyəyə ağıl öyrədirlər ki, “qaqam, İncəyə, Demirtaşa, Akşenərə ver səsini, Tayyib getsin”.
– Seçki bitir, İncə belə “Adam qazandı” deyə, etiraf edir, bizimkilər elə bil qarşılarındakı Cəmil Həsənlidir, dirəşirlər ki, “biz səni prezident sayırıq”. Türk xalqı seçimini edəndən sonra sən haranın kimisən?!
– Türkiyədə 7-dən 70-ə hər kəsin qarşı çıxdığı çevrilişə cəhd olur, ordu generalları belə pisləyir, yenə içimizdəki “amerikalılar” “Şanlı Türk Ordusu iqtidara əl qoydu” deyə, nərələr çəkir, bir-iki gün sonra isə o nərələr çevriliş uğursuz oldu deyə, silinir.
– İqtisadiyyatdan zərrə qədər anlayışı olsa, özü borc bataqlığında üzməz, ancaq dünyanın ən məşhur universitetlərindən olan “New York Pace” Universitetinə bağlı “Lubin School of Business”də maliyyə üzrə magistr diplomu almış Berat Albayrağa ağıl öyrədir.
– Dolların türk lirəsi qarşısında manipulyasiya ilə yüksəlişini elə bayram edirlər ki, heç Amerika Mərkəzi Bankı başqanı Jerome Powell o qələti etmir.
Sözdə “akşenərçi”, “incəçi”lər, fəqət Türkiyə iqtidarı və müxalifəti ilə imperializmə qarşı tək yumruq olmuşkən, bunlar “Dollar yüksələcək, Ərdoğan batacaq” düşüncəsindədirlər. Çünki amerikan uşaqlığı gözlərini o qədər örtüb ki, hədəfin əslində Türkiyə olduğunu görə bilmirlər.
Qurani Kərimdə buyurulur ki, “Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər…” (Əraf surəsi, 179)
Lətifəsi türk düşmənlərindən uzaq, onların da qəlbi və ağlı Türkiyə məsələsində bağlanıb. Soruşduqda, bir tutarlı dəlil ortaya qoymazkən, illah da “Ərdoğan getsin” deyirlər. Seçimi edən türk xalqıdır. Bizim “sizə nə?” deməkdən başqa çarəmiz də yoxdur, ey içimizdəki amerikalılar.
Bu gün doğru-yanlış Qətərin, hətta İranın belə sadə vətəndaşlarının TL alaraq, Türkiyəyə dəstək nümayiş etdirdiyi müzakirə olunarkən, içimizdəki amerikalıların etdikləri qardaşlarımız önündə bizi çətin duruma salır. Qardaş qardaşa bu gün dayaq olmalıdır, daha sanki cibindəki Kuveyt dinarı ya da ingilis funtudur deyə, türk lirəsinə istehza etməməlidir.
Əlbəttə, çətindir, ancaq ötən ilin dekabrında rəhmətlik Orxan Camalın da qatıldığı “Regionun gələcəyi” adlı simpoziumumuzda söylədiyim kimi, bölgənin qədərini buradakı ölkələr müəyyənləşdirməlidirlər. Məhz Türkiyə, Rusiya, Çin, İran, Azərbaycan və Qazaxıstan iqtisadi əməkdaşlığa bağlı ciddi işlər ortaya qoyarlarsa, manat da, lirə də, riyal da, rubl da dollara meydan oxuyar. Yəni, lirəmi zəif, manatmı söhbətinin yeri yoxdur. Dünya Trampın şantajı ilə üz-üzədir. Bu gün Türkiyə ilə Rusiyanı dollarla şantaj edənin sabah manata qarşı eyni oyunu oynamayacağı nə məlum? Azərbaycan manatı durduğu yerdə iki dəfə devalvasiyaya uğradı? Bunda neftin qiymətini kəskin aşağı sal(dır)an amerikan barmağı nə tez unuduldu?!
Yəni, əslində bütün yazdıqlarımızın daşa dəyib qayıtdığını da gözəl bilirik. Okeanın o tərəfindən gəlmədikcə, nə desək boşdur. Yazsam ki, bəs Qafqaz İslam Ordusu, Bakının erməni daşnaqlarından xilası, Qarabağda döyüşən türklər, filan. Bu sözlər ateistlə mübahisədə dindən misal gətirməyə bənzəyir.
Qısacası, hər fürsətdə Türkiyə düşmənliyi etməniz dərd deyil. Problem olan bunu qardaş ölkəyə canınız yandığı imici ilə etməyinizdir. Barı, düşmənliyinizi cəsarətlə edin, dost-düşmən tam bəlli olsun. Bəyənmədiyiniz, hər fürsətdə aşağıladığınız ərəb qədər olun barı…
Nə mənim yazım dolları TL qarşısında yerdən yerə vuracaq, nə sizin yazdıqlarınızın yaşananlara zərrə qədər təsiri var.
Əsas olan odur ki, hər kəs tərəfini bəlli edir, biz də, siz də…
Aqil Ələsgər
www.yenicag.az