Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xızı rayonunun Giləzi–Xızı (28 km)–Tıxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, sərəncamda deyilir:
“1. Giləzi–Xızı (28 km)–Tıxlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 850,0 (səkkiz yüz əlli) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“2019-cu ilin mart ayında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynovun anadan olmasının 100 illiyi tamam olur.
“Qədim xanəndəlik sənəti ənənələrinin layiqli davamçılarından biri kimi Hacıbaba Hüseynov muğamı və bədii sözü ahəngdar şəkildə uzlaşdırmış, yüksək ifaçılıq mədəniyyətinin parlaq nümunələrini yaratmışdır. Təsirli və məlahətli səsə malik sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı, çoxsaylı təsniflər və xalq mahnıları ilə musiqisevərlərin qəlbində silinməz iz qoymuşdur. Hacıbaba Hüseynov daim saflığını qorumağa çalışdığı muğamın tədrisi sahəsində də uzun illər səmərəli fəaliyyət göstərmiş və məşhur xanəndələrin bütöv bir nəslinin yetişdirilməsinə böyük əmək sərf etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 7 (I kitab), maddələr 1496, 1506, № 11, maddə 2287; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 519 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin 10-cu hissəsinin 2.4.1-ci yarımbəndinə “Əsas icraçı” sütununa “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin və “İcra müddəti” sütununda “2019” rəqəmləri “2020” rəqəmləri ilə əvəz edilsin”.
www.yenicag.az