Minimum pensiyanın səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti bildirib: “Digər iqtisadi göstəricilərimiz də çox müsbətdir. Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir – ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm ki, bizdən daha yaxşı nəticə olan ölkələrin bəziləri o ölkələrdir ki, o ölkələrə ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə onların yüksək pillədə olması, əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyədə olmasına görə qabaqcıl yerlərdəyik. Bunu da bir daha demək istəyirəm ki, mənim tərəfimdən hökumət qarşısında vəzifə qoyulub ki, biz ildən-ilə xarici dövlət borcumuzu azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur.
İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Nəzərə alsaq ki, bu il çox ciddi və böyük sosial paket reallaşdı – 4 milyon 200 milyondan çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əmək haqları artırıldı, müavinətlər artırıldı. Yəni, milyardlarla manat vəsait bu məqsədlər üçün xərclənib və bu vəsait sosialyönümlü istiqamətə nəzərdə tutulurdu. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də inflyasiyanı üstələyir əhəmiyyətli dərəcədə.
Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə, səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq müqayisə üçün bunu mən bildirməliyəm. Hər şey müqayisədə ölçülür”.
www.yenicag.az