Dünən İran-Azərbaycan sərhədində insident baş verib, nəticədə bir əsgərimiz şəhid olub, digəri isə yaralanıb.
İran-Azərbaycan münasibətlərinin fonunda bu hadisənin baş verməsi birmənalı qarşılanmayıb.
Yenicag.az-a açıqlama verən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl da baş verən hadisədə təxribat əlamətləri olduğunu deyib.
İlham İsmayıl bildirib ki, son illərdə İran-Azərbaycan sərhədində narkotik qaçaqmalçıları haqqında informasiyalar yayılırdı:
“İran-Azərbaycan münasibətlərinin fonunda bu hadisə təxribata oxşayır. Bu təxribatı ola bilsin ki, İran törətməyib. İki ölkə arasındakı münasibətləri izləyən üçüncü qüvvə istəyib ki, Azərbaycanla İranın arası daha da gərginləşsin. İran-Azərbaycanın münasibətlərinin pisləşməsi kimlərə xeyir edirsə, bu hadisəni o güc edə bilər”.
Baş verən insidentin təxribat ola bilmə ehtimalının daha çox olduğunu deyən İlham İsmayıl qeyd edib ki, hadisə adi sərhəd pozuntusuna oxşamır:
“Analiz etdikdə görürük ki, İranla Azərbaycan sərhədində pozuntu zamanı ölüm faktı uzun illər öncə olub. Təbii ki, təxribat da bir versiyadır. Versiyanı təhlil etmək üçün hadisələri diqqətdə saxlamaqla, baş verənləri kimin törətdiyini, səbəbini bilib, son nəticəyə gəlmək mümkündür. Təbii ki, bu versiyalar üzərində aidiyyatı qurumlar məşğul olmalıdır”.
Qeyd edək ki, baş vermiş atışma zamanı sərhəd naryadının başçısı, Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Füzuli oğlu sinəsindən güllə yaraları alaraq şəhid olub, sərhəd naryadının üzvü, Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu əlindən yaralanıb.
Səxavət Məmməd
www.yenicag.az