İrandan Azərbaycana 2 kiloqramdan artıq qızıl keçirilməsinin qarşısı alınıb, saxlanılan var.
Bu barədə Yenicag.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, dekabr ayının 24-də saat 02:20-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq Azərbaycan istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.
Həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucusu təqib olunaraq saxlanılmışdır. Saxlanılan şəxsin Yardımlı rayonunun Avaş kənd sakini 1989-cu il təvəllüdlü Babayev Taryel Səfər oğlu olması müəyyənləşdirilib.
Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 kiloqram 300 qram qızıla bənzər zinət əşyaları aşkar olunaraq götürülüb.
Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
www.yenicag.az