İranın Hörmüz "oyunu": "Tehranın taktiki manevrləri strateji məğlubiyyətə yol aça bilər"

media-hightechnic-468x90

“Hazırkı vəziyyətdə İran üçün strateji və geosiyasi üstünlük kimi görünən şeylər əslində qısamüddətli və taktiki xarakter daşıyır”.

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

media-1769592249_resad-bayramov-1

O, ABŞ-nin İranla münaqişədə gözləntiləri qarşılaya bilməməsi və üstünlüyün İrana keçməsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib. Siyasi şərhçi bildirib ki, deyilənlər indiki şəraitdə hər nə qədər reallığı əks etdirsə də, onları bütövlükdə qəbul etmək düzgün olmazdı:

“Məsələn, Hörmüz boğazı həmişə strateji əhəmiyyətli keçid olub. İran da uzun illər ərzində boğaza nəzarət edib. Sadəcə olaraq, İran müharibədən əvvəl tankerlərin sərbəst keçidinə maneçilik törətmirdi, indi isə bunu edir. Məlumdur ki, Hörmüz həm Körfəz ölkələrinin, həm də digər neft ixrac edən dövlətlərin dünya bazarına çıxışını təmin edirdi və bölgədə ticarət infrastrukturu sabit qalırdı. Hazırkı vəziyyət isə fərqlidir.

İran ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyatlar fonunda boğazın qismən bağlanması ilə mövqeyini sərtləşdirib və yalnız özünə yaxın ölkələrin tankerlərinin keçidinə icazə verir. Bu dəyişiklik strateji və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir, çünki dünya neft ticarətində logistik axınların kəsilməsi və məhdudlaşması qiymətlərin kəskin artmasına səbəb olur.

Sanksiya məsələsinə gəldikdə, İran nefti hələ də sanksiyalar altındadır. Lakin hazırkı vəziyyət onu dünya bazarında yenidən tələb olunan resursa çevirib. Körfəz ölkələrinin öz neftini təhlükəsiz şəkildə ixrac etməkdə çətinliklər yaşaması nəticəsində bəzi ölkələr sanksiyalara baxmayaraq, məcburi şəkildə İran neftinə əl atırlar.

Hərbi bazalar məsələsinə gəldikdə isə, bəli, İranın Körfəz ölkələrinə davamlı zərbələri nəticəsində oradakı ABŞ hərbi bazaları tam funksional deyil. Bu, ABŞ-nin regiondakı müdafiə və təsir mexanizmlərinə mənfi təsir göstərir, tərəfdaş ölkələr üçün təhlükəsizlik təminatı zəifləyir.

İnflyasiya məsələsi də münaqişənin iqtisadi fəsadlarından təsirlənib. Trampın ikinci hakimiyyət dövründə ABŞ-də inflyasiya xeyli aşağı düşmüşdü, lakin İranla gərginliyin artması və neftin bahalaşması daxili bazara təzyiq göstərərək qiymət artımına səbəb olub. Enerji məhsullarının və digər əsas malların qiymətlərinin yüksəlməsi ABŞ və digər ölkələr üçün ciddi iqtisadi narahatlıqlar yaradıb.

Trampın nüfuzu məsələsi də geosiyasi kontekstdə dəyişib. Keçmişdə onun ikinci hakimiyyətinə qarşı narahatlıq var idisə, hazırkı regional gərginlik fonunda ABŞ-nin hərbi və iqtisadi vəziyyətinə baxış müəyyən auditoriyada sərt tənqidlə, bəzilərində isə istehza ilə qarşılanır.

Amma bütün bu faktlar, yəni İranın əldə etdiyi üstünlük və ya ABŞ-nin itkiləri kimi göstərilənlər davamlı xarakter daşımır. Belə ki, beynəlxalq hüquq, enerji təhlükəsizliyi mexanizmləri və dünya iqtisadiyyatının Hörmüzdəki vəziyyətdən təsirlənməsi ayrı-ayrı ölkələri İrana qarşı birləşməyə məcbur edə, birgə hərbi müdaxiləni stimullaşdıra bilər. Yəni, İranın boğaza təsiri qismən strateji üstünlük verir, amma bu, “daimi nəzarət” deyil və Tehran üçün əlavə başağrısı yaratmaq potensialına malikdir.

Eyni şəkildə, sanksiyalara baxmayaraq İran neftinə çıxış ehtiyacı da qısamüddətli iqtisadi təzyiq yaradır. Lakin bu üstünlük dayanıqlı deyil, çünki dünya ölkələri alternativ enerji mənbələrinə yönələ bilər. ABŞ və müttəfiqləri əlavə sanksiyalar və logistik dəstək vasitəsilə İranın bazardakı təsirini azalda bilərlər.

ABŞ-nin Körfəz ölkələrindəki hərbi bazalarının zəifləməsi də tam funksional itki deyil. Vaşinqton strateji ehtiyatlarını, hava-dəniz gücünü qoruyur və həmin bazaların yenidən qurulması prinsip etibarilə çətin deyil. Eyni zamanda, inflyasiya məsələsi də müvəqqətidir; ABŞ iqtisadi siyasəti və Federal Rezerv vasitəsilə bu prosesi nəzarət altına almaq potensialına malikdir.

Odur ki, hazırkı vəziyyətdə İran üçün strateji və geosiyasi üstünlük kimi görünən şeylər əslində qısamüddətli və taktiki xarakter daşıyır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05