TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və Türkiyənin Azərbaycandakı keçmiş səfiri cənab Ərkan Özoralın təşəbbüsü ilə yaradılmış “Tək Millət Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dəstəyi ilə İsmayıllı rayonunda şəhid ailələri üçün tədbir təşkil olunub.
Yenicag.az xəbər verir ki, İsmayıllıda reallaşan tədbirdən əvvəl ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanlarımızın məzarları şəhid ailələri ilə birlikdə ziyarət olunub, onların müqəddəs ruhlarına dualar oxunub, qərənfillər düzülüb.
Heydər Əliyev adına parkda davam edən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.
TÜİB-in İdarə Heyətinin üzvü Saleh Tüfekçi təşkilatın Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən əziz şəhidlərin xatirəsini hər zaman böyük ehtiram hissi ilə yad etdiyini bildirib:
“Müqəddəs dinimiz İslam dinində şəhidlik ən yüksək məqam kimi qiymətləndirilir, Qurani-Kərimdə onların ölmədiyi qeyd olunur. Şəhidlik elə yüksək zirvədir ki, hər kəs onu fəth edə bilməz, o mövqeyə çatanlar Allah tərəfindən seçilənlərdir. Şəhidlərimizin şəfaətinə nail olmaq üçün onları yad etməli, əmanətlərini diqqətdə saxlamalıyıq. Şəhid və qazi ailələri ilə daim ünsiyyət saxlamağı, onları baş üstündə tutmağı özümüzün ən ümdə vəzifəmiz və borcumuz hesab edirik. TÜİB olaraq həyata keçirdiyimiz “Tək Millət, Tək Ürək” Beynəlxalq Platforması çərçivəsində ölkə ərazisində geniş vüsət almış bu kimi nəcib təşəbbüsləri davam etdiririk. Şanlı Zəfərimizin elan edilməsindən bu günə kimi 2 min 300 şəhid və qazi ailəsi ilə təmas qurmuş, bu və ya başqa formada öz qardaşlıq, vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışmışıq. Bu dəfə İsmayıllı rayonundan olan şəhid ailələrini paytaxt və digər rayonlardan olan şəhid ailələri ilə bir araya gətirdik. Bu cür görüşlər davamlı olaraq
təşkil ediləcək”.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə İş üzrə şöbə müdiri Zümrüd Səmədova və RİH başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi Əlişir Süleymanov çıxış edərək şəhidlərə və onların ailə üzvlərinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Çıxış edənlər Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirib, həm sevincdə, həm kədərdə bir-birinin yanında olan hər iki ölkə arasında belə sıx münasibətin, qardaşlığın daha da inkişaf edəcəyinə inandıqlarını bildiriblər.
Tədbir məşhur müğənnilərin çıxışları ilə davam etdi. Şəhid övladları üçün təşkil olunmuş əyləncə proqramı ilə yekunlaşan tədbir şəhid ailələri üçün unudulmaz bir gün kimi yadda qalıb.
Tədbir TÜİB İdarə Heyətinin üzvləri olan “Məmmədoğulları” QSC və “Makro 2000 Group of Companies” şirkətlərinin sponsorluğu ilə həyata keçirilib.
www.yenicag.az