!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşsizlər icbari tibbi sığortadan hansı hallarda yararlana bilər? - Açıqlama

!Reklam – Yazi

“İcbari tibbi sığortanın tətbiqi imkansız şəxslərin əməliyyat xərclərinin qarşılanmasına dəstək verir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, icbari tibbi sığortanın bütün ölkədə tətbiq olunması 2019-cu ildə reallaşdırılacaq:

“İcbari tibbi sığorta pilot layihələr əsasında həyata keçirilir. Qeyd edək ki, Yevlax və Mingəçevir şəhərlərində də ötən il ərzində belə layihələr reallaşdırıldı. Görülən işlər bu il də davam edəcək. Daha iki böyük şəhərimizdə pilot layihələrin tətbiq olunması gözlənilir. Hətta Naxçıvan Muxtar Respublikasının Sədərək şəhərində pilot layihələrin tətbiqi ilə bağlı işlər görülməyə başlayıb. Hazırda icbari tibbi sığortanın tətbiqi üçün ölkədə bütün mexanizmlər, kifayət qədər təcrübə və kadr potensialı mövcuddur. Yəqin ki, 2019-cu ildən etibarən ya daha geniş ərzidə, ya da ölkədə bütövlüklə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq”.

Millət vəkili həmçinin verdiyi açıqlamada işsizlərə hansı şərtlər əsasında icbari tibbi sığorta tətbiq olunmasından da danışıb:

“İşsizlərə icbari tibbi sığorta tətbiq olunmayacaq. Bu yalnız o adamlara verilə bilər ki, həmin şəxslərin icbari tibbi sığorta xərcləri dövlət tərəfindən qarşılanır. Həmin şəxslərə isə uşaqlar, əlillər, təqaüdçülər aiddir. Lakin işsiz kimi Dövlət Məşğulluq Xidmətində qeydiyyatda olan insanlara da tətbiq oluna bilər. Qalan şəxslər isə icbari tibbi sığorta haqlarını ödəmək barədə özləri düşünməlidirlər”.

Bu sığortanın tətbiqinin üstünlüklərindən də söhbət açan Musa Quliyev bildirib ki, tibb xidmətinin keyfiyyətinin yüksəldilməsində, klinikalar arasında sağlam rəqabətin formalaşdırılmasında icbari tibbi sığortanın rolu danılmazdır:

“Təbii ki, icbari tibbi sığortanın bir sıra mühüm cəhətləri var. Bu sığorta dünyada səhiyyə və tibb xidmətlərinin maliyələşdirilməsinin ən optimal yolu sayılır. İlk növbədə tibbi xidmətin keyfiyyəti yüksəlir, klinikalar və tibb mütəxəssisləri arasında sağlam rəqabəti formalaşdırır, səhiyyə xərclərinə həm vətəndaş, həm də sığorta edənlər tərəfindən nəzarəti artırır. Bununla da heç kim keyfiyyətli və geniş həcmli tibbi xidmətdən kənarda qalmır. Yəni, bu gün hər hansısa imkansız bir şəxs əməliyyat etdirmək istəyir və həmin əməliyyata 6-10 min arası vəsait tələb olunursa, icbari tibbi sığorta həmin xərclərin böyük hissəsini qarşılamağa dəstək olur. Eyni zamanda bu sığorta dövlət büdcəsinin yükünü azaldacaq və səhiyyə xərclərinin bəzi hallarda lüzumsuz, nəzarətsiz dağılmalarının qarşısını alacaq”.

Elvin Paşazadə

www.yenicag.az

2623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv