“Kommunal təsərrüfat idarələri bu cür vəziyyətə hazır deyillər”
“Salyan, Cəlilabad və digər rayonlar qəfil qarın yağması ilə əlaqədar olaraq, kəskin problemlərlə qarşılaşıblar.
Bunu deputat Elmira Axundova Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Millət vəkili qeyd edib ki, bu rayonlar xüsusilə də ciddi işıq problemlərlə qarşılaşıblar: “Azərİşıq”-ın sədri Baba Rzayev bu problemin kökündən həll edəcəyi ilə bağlı söz verib. Son məlumata görə, hazırda müəyyən işlər görülür, ancaq yenilənmə işləri çox ləng gedir. Texniki vasitələrin yenilənməsinə isə kifayət qədər maliyyə vəsaiti tələb olunur”.
E. Axundova bildirib ki, güclü qar və şaxtalı hava ilə əlaqədar olaraq yollar buz bağlayıb və nəqliyyatın hərəkətində problemlər yaranıb: “Müvafiq dövlət orqanları, rayonların kommunal təsərrüfat idarələri bu cür sərt havalara hazır deyillər. Tək Salyan ərazisində cəmi iki qartəmizləyən maşın işləyirdi. Qaradağa gedən yolda isə bir texnikaya rast gəlmədik. Bunun da nəticədə bu yollarda xeyli yol-nəqliyyat hadisələri baş vermişdi. Çox dəhşətli mənzərə yaranmışdı. Polislərdən başqa yollarda qalmış vətəndaşların vəziyyətinə kömək edən bir dövlət qurumu əməkdaşı yoxdur”.