Kredit kartı istifadəçilərinin NƏZƏRİNƏ: Yeni qaydalar limitləri necə dəyişir? - AÇIQLAMA
Azərbaycanda kredit kartlarına marağın azalması son dövrlər maliyyə sektorunda diqqət çəkən tendensiyalardan biridir. Mütəxəssislər bunu həm tənzimləyici dəyişikliklər, həm də vətəndaşların üzləşdiyi artan faiz yükü ilə əlaqələndirirlər.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, kredit kartlarındakı azalma əsasən Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ildən tətbiq etdiyi məhdudlaşdırıcı tənzimləmələrdən sonra baş verib:
“2025-ci ilə qədər kredit kartlarının limitinin müəyyənləşdirilməsi ilə bağlı konkret tənzimləyici tələb yox idi və banklar bu məsələni əsasən öz daxili siyasətlərinə uyğun müəyyən edirdilər. Bu isə həm bankların daha riskli kreditlər verməsi, həm də vətəndaşların ödəmə imkanlarını aşan kredit yükü götürməsi baxımından risklər yaradırdı”.
İqtisadçının sözlərinə görə, Mərkəzi Bank kredit kartlarının limitinə dair sərtləşdirici addımlar atıb:
“Yeni qaydalara görə, kredit kartının limiti vətəndaşın aylıq rəsmi gəlirinin (vergilərdən sonra) maksimum beş misli həcmində ola bilər. Məsələn, əgər vətəndaşın xalis aylıq gəliri 1000 manatdırsa, ona verilə biləcək maksimum kredit kartı limiti 5000 manat təşkil edir. Bu məhdudiyyət bankların riskli kreditləşmə praktikasını nəzarətə götürmək və vətəndaşların həddindən artıq borclanmasının qarşısını almaq məqsədi daşıyır”.
Ekspert əlavə edib ki, istehlak kreditləri ilə bağlı da müəyyən məhdudiyyətlər tətbiq olunub. Belə ki, vətəndaşın istehlak kreditləri üzrə aylıq öhdəlikləri onun gəlirinin 45 faizindən çox ola bilməz.
Xalid Kərimlinin qeyd edib ki, kredit kartları vətəndaşlar üçün girovsuz və rahat maliyyə aləti olsa da, bu rahatlıq daha yüksək faiz dərəcələri ilə müşayiət olunur:
“Son illərdə kreditlər üzrə faiz dərəcələrinin artması kredit kartlarına marağın azalmasına birbaşa təsir göstərir. Əvvəllər kredit kartlarını illik 20–21 faiz civarında götürmək mümkün idisə, hazırda faizlər bəzi hallarda 20–25 faizə qədər yüksəlir. Bu da vətəndaşların kredit xərclərini artırır və nəticədə tələbin azalmasına səbəb olur”.
Samir Məcidov













