KTMT-da “rəngli inqilablar” müzakirəyə çıxarıldı
Moskvada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin müdafiə nazirləri şura iclasında kollektiv güclərin genişlənməsi planı hazırlanıb. Bu barədə KTMT-nın baş katibi Nikolay Bordyuja məlumat verib.
KTMT-nın mətbuat xidmətinin yaydığı məlumatda isə təşkilata üzv dövlətlərin hərbi-texniki əməkdaşlığının gücləndirilməsi və inkişafı məsələsinin də müzakirə olunduğu bildirilir.
Rusiya müdafiə nazirinin müavini, ordu generalı Arkadi Baxin də bildirib ki, KTMT-ya üzv ölkələrə hərbi müdaxilə olacağı ehtimalları məsələsindən də söz açılıb.
Görüşdə Suriya, İraq, Ukraynadakı gərgin vəziyyət də müzakirə edilib.
A. Baxin bununla yanaşı, “rəngli inqilablar”ın təhlükəsi haqqında da fikirlər səsləndirib. O, bu inqilabların postsovet məkanına necə təsir etməsi barədə də mülahizələri bir daha xatırladıb.
Bu arada təşkilata üzv Ermənistanın iclasda Azərbaycanla bağlı məsələnin müzakirəyə çıxarmaq istəyi, necə deyərlər boğazında qalıb. Ermənistanın “Lragir” nəşri yazır ki, KTMT-nın Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması hallarını, xüsusilə Naxçıvanla sərhəddə xəttində iki erməni əsgərinin öldürülməsini yada salmaması suallar doğurur. Nəşrin yazdığına görə KTMT heç vaxt belə məsələlərə reaksiya vermir. Sözügedən mətbuat orqanı KTMT-nın aparıcı dövlətləri olan Rusiya, Qazaxıstan, Belarusun Azərbaycana dəstəyindən narahatlığını ifadə edib.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın KTMT iclası üçün Moskvaya səfəri zamanı son zamanlar Naxçıvanla sərhəddə insidentləri gündəmə gətirəcəyi və bundan Azərbaycana qarşı təxribat xarakterli müzakirələr aparacağı gözlənilirdi.
Xatırladaq ki, KTMT-ya Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan daxildir.