Lerik və Şabranda meşə zolağında yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, bu gün saat 19 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandoband meşəbəyliyinin yüksək dağlıq ərazisindəki 19 a saylı dolayında yanğın hadisəsi baş verib.
Baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qeyd edək ki, yanğın yüksək dağlıq ərazini əhatə etdiyindən və güclü küləklə müşayiət olunduğundan onun söndürülməsində çətinliklər yaranıb.
Hazırda ETSN-nin əməkdaşları, o cümlədən FHN-nin canlı qüvvəsi yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir. Yanğın kol-kosla örtülü ərazini əhatə edir. Yanğının qarşısının alınması istiqamətində operativ tədbirlər davam etdirilir.
Eyni zamanda Şabran rayonunun yüksək dağlıq ərazisində yerləşən Çuxurəzəmi kəndinin meşə torpaqları ilə sərhəddindəki bələdiyyə torpaqlarında da yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün dərhal əraziyə Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Güclü küləklə müşayət olunan yanğının meşə ərazisinə keçməsinin qarşısını almaq məqsədilə operativ tədbirlər görülür.
www.yenicag.az