Leyla Yunus ABŞ-a qara siyahı göndərdi
Hüquq müdafiəçisi Leyla Yunus iyunun 23-də Repressiyalara Müqavimət Mərkəzinin hazırladığı “Maqnitski siyahısı”nın Azərbaycan versiyasını təqdim edib.
“Maqnitski siyahısı”na ilkin olaraq 6 hakimin adı salınıb. Onların arasında “Nida”çıların işinə baxan hakim Cavid Hüseynov, jurnalist Pərviz Həşimlinin hakimi Novruz Kərimov, QHT rəhbəri Anar Məmmədlinin işi üzrə hakim Rauf Əliyev, İsmayıllı prosesini, müsavatçı Yadigar Sadıqovun və jurnalist Hilal Məmmədovun məhkəmələrini aparan hakimlər daxildir.
2012-ci ilin dekabrında ABŞ Konqresi insan hüquqlarının və qanunun aliliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyalar tətbiqini nəzərdə tutan Maqnitski aktına səs verib. Qanuna əsasən, rusiyalı vəkil Sergey Maqnitskinin istintaq təcridxanasında ölümündə əli olduğu ehtimal edilən 60 rus məmuru və hüquq mühafizə orqanı əməkdaşı qara siyahıya salınıb. Onlara ABŞ-a səfər etmək qadağan edilir, maliyyə sanksiyaları da tətbiq edilə bilər.
Bu gün mətbuat konfransı keçirən Leyla Yunus bildirilib ki, Azərbaycanın “Maqnitski siyahısı” ABŞ-a göndərilib və gələcəkdə vicdan məhbusları ilə bağlı işləri aparan prokurorluq və polis işçilərinin də adları sənədə daxil ediləcək.