Maşın bazarı od tutub yanır: Hibrid avtomobillər niyə kəskin bahalaşdı?
İkinci əl hibrid avtomobillərin qiymətində müşahidə olunan kəskin artım bazarda ciddi narahatlıq yaradıb. Son aylarda qiymətlərin yüksəlməsi alıcıların seçim imkanlarını məhdudlaşdırmaqla yanaşı, ümumi bazar dinamikasına da mənfi təsir göstərir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, bu bahalaşmanın əsas səbəblərindən biri vergi güzəştlərinin ləğvi və idxal şərtlərinə qoyulan sərt tələblərdir:
“Bildiyiniz kimi, 2026-cı ilin əvvəlindən bu növ avtomobillərin təxminən 18%-ədək bahalaşacağı gözlənilirdi və bu proqnoz artıq reallaşıb. Bu istiqamətdə qəbul edilən qərarlar bazara birbaşa təsir göstərir. Əvvəllər hibrid avtomobillərə tətbiq olunan vergi güzəştləri onların daha əlçatan olmasına şərait yaradırdı. Lakin bu imtiyazların ləğvi idxal xərclərini artırıb, bu da avtomatik olaraq satış qiymətlərində özünü büruzə verib”.
Ekspert əlavə edib ki, idxal şərtlərinə gətirilən məhdudiyyətlər bazarda avtomobil sayının azalmasına rəvac verib:
“İdxal zamanı tətbiq olunan texniki və inzibati tələblərin sərtləşməsi bəzi sahibkarların bu sahədən çəkilməsinə gətirib çıxarıb. Nəticədə ikinci əl hibrid avtomobillərin sayı azalıb. Təklifin azalması isə təbii olaraq qiymətləri yuxarı çəkir”.
Rövşən Həsənov qeyd edib ki, mövcud vəziyyət yaxın dövrdə də dəyişməz qala bilər:
“Qanunvericilikdə yumşalma olmadığı müddətdə qiymət artımı qaçılmazdır. Bu isə həm alıcı, həm də satıcı davranışlarına təsir edir: alıcılar gözləmə mövqeyinə keçir, satıcılar isə qiymətləri yüksək səviyyədə saxlamağa çalışırlar”.
Ekspertin fikrincə, bazarı canlandırmaq üçün vergi siyasətinə yenidən baxılmalıdır:
“Əgər məqsəd ekoloji cəhətdən təmiz nəqliyyatı təşviq etməkdirsə, hibrid avtomobillərlə bağlı vergi siyasəti və idxal prosedurları sadələşdirilməlidir. Bu, rəqabəti artıraraq qiymətləri sabitləşdirə bilər”.
Samir Məcid













