İsveç Krallığının paytaxtı Stokholm şəhərinin Sollentuna Bələdiyyəsinin kitabxana zalında “Mədəniyyət kodu-Şuşa” lonqridinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov, səfirliyin əməkdaşları, İsveç akademik mühitinin nümayəndələri, jurnalistlər, ictimai fəallar, türk və Azərbaycan diaspora üzvləri iştirak ediblər.
Tədbiri açan səfir Zaur Əhmədov layihənin “Şuşa İli” çərçivəsində Avropa ictimaiyyəti üçün əhəmiyyəti barədə danışıb, təqdimatın məhz İsveçdə keçirilməsini və lonqriddə Şuşa mədəniyyət kodunun çoxşaxəli mövzularla açılmasını müsbət qiymətləndirib.
“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri və layihənin müəllifi, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənova qonaqları salamlayaraq Şuşa şəhərinin bütün Türk dünyasında yüksək mədəni-mənəvi əhəmiyyətinin əsaslarından və Avropa auditoriyası üçün cəlbedici olan amillərindən danışıb. O vurğulayıb ki, Şuşanın mədəniyyət kodu Pənah Əli xanın yaratdığı xoşbəxt şəhər konsepsiyasına əsaslanır.
Birliyin sədr müavini Sindi Şükürova Azərbaycan- İsveç münasibətlərinin tarixi və inkişaf yolu haqqında çıxış edərək, Nobel Fondunun təməlini təşkil edən Azərbaycanı İsveç ictimaiyyətinə Şuşa ilə tanıdılmasının zəruriliyini vurğulayıb.
https://codeshusha.com/ saytında yerləşən lonqridin 21 mövzusu 7 bloka bölünüb. Saytın üz qabığındakı Xarı bülbülün hər ləçəyi açılaraq oxucunu yeni mövzulara yönləndirir və hər mövzuya məxsus musiqi səsləndirilir. Mövzular haqqında geniş məlumat verən Şəlalə Həsənovanın dediklərini İsveçdə yaşayan alim Səadət Kərimi İsveç dilində təqdim etdi.
https://codeshusha.com/ saytı rus, isveç və ingilis dillərində hazırlanıb.
Qeyd edək ki, “Mədəniyyət kodu-Şuşa”adlı lonqrid Azərbaycan mediasında yüksək lonqrid standartlarına uyğun hazırlanmış ilk yeni media məhsuludur. Dalma jurnalistikasına uyğun olaraq fitçer üslubunda yazılmış mətn maraqlı fotolar, videoçarxlar, musiqi kompozisiyaları ilə zənginləşdirilib. Bununla yanaşı, xüsusi olaraq internet məkanında ilk dəfə ” Şuşa məhəllələri” , “Qarabağ ərazisində Alban kilsələri” interaktiv xəritələri, “Şuşalı musiqiçilərin qızıl nəsli” adlı nəfis infoqrafika hazırlanıb.
“Şuşa məhəllələri” xəritəsində şəhərin 17 məhəlləsinin hər biri haqqında məlumat toxunuşla açılır.
“Qarabağ ərazisində Alban kilsələri” xəritəsi işgaldan azad edilmiş ərazilərimizdə yerləşən 108 Alban kilsəsinin yerini dəqiq, coğrafi koordinatlarla və hər kilsənin yaranma tarixini göstərir.
“Şuşalı musiqiçilərin qızıl nəsli” infoqrafikası 10 musiqi şəcərəsini göstərir və hər bir nümayəndə haqqında qısa məlumat verir.
Bunlarla yanaşı, böyük bəstəkar Süleyman Ələsgərovun nəvəsi, Əməkdar artist Tahir İmanov və 92 yaşlı jurnalist Məryəm Zöhrabbəyova Şuşa barədə xatirələrini bölüşüblər.
Sonda səfirliyin təşkil etdiyi furşet zamanı maraqlı müzakirələr aparılıb və qonaqların sualları cavablandırılıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən hazırlanıb.
www.yenicag.az