Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Polşalı həmkarı Vitold Vaşçıkovski ilə görüşüb.
Yeniçağ.az xəbər verir ki, görüşdə Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin hazırkı durumundan məmnunluq ifadə olundu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparıldı. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olundu.
Bildirildi ki, bu il Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur və bu müddət ərzində tərəflər arasında 35 sənəd imzalanmış və 12 sənəd layihəsi baxılmaqdadır.
Nazirlər iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün Hökumətlərarası Komissiya və Azərbaycan-Polşa parlamentlərarası dostluq qrupunun fəaliyyətini, eləcə də mütəmadi əsasda keçirilən XİN-lərarası siyasi məsləhətləşmələri təqdir etdilər.
Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və gələcək perspektivlərindən söz açdı və Polşanın da bu marşrutların imkanlarından faydalana biləcəyini diqqətə çatdırdı.
Vitold Vaşçıkovski ölkəsinin Azərbaycan ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirdi və adıçəkilən nəqliyyat dəhlizlərinin cəlbedici olduğunu vurğuladı. Görüşdə həmçinin iki ölkə arasında müdafiə sənayesi və dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün aidiyyəti nazirlərin qarşılıqlı səfərlərinin təşkil edilməsi və danışıqların aparılması məsələsi müzakirə olundu.
Görüş əsnasında Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətinə məlumat verdi və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və münaqişənin bu prinsiplər əsasında həllində dəstək nümayiş etdirdiyinə görə Polşa tərəfinə təşəkkürünü ifadə etdi. Nazir bütün münaqişələrə vahid yanaşma və prinsiplərin tətbiq edilməsinin vacibliyini də xüsusi vurğuladı.
Tərəflər iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi və turizmin inkişafı məsələlərini nəzərdən keçirdilər. Vitold Vaşçıkovski beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini qeyd etdi.
Nazirlər Azərbaycan və Avropa İttifaqı münasibətlərində toxundular. Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üçün Avropa İttifaqı Şurası tərəfindən verilən mandatın təqdir edildiyini deyən Elmar Məmmədyarov, sözügedən sazişin imzalanmasının Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminlik ifadə etdi. Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə edildi. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirdilər. (azvision.az)
Yeniçağ.Az
www.yenicag.az