Məşhur bacılar “Turan marşı” ilə ZALI COŞDURDU - FOTOLAR/VİDEO
Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova bacıları yeni kliplərinin təqdimat mərasimini keçiriblər.
Yenicag.az xəbər verir ki, “Turan marşı” adlı mahnıya çəkilən klip Naxçıvanda, tarixi Əlincə qalasında ekranlaşdırılıb.
“Turan marşı”nın sözləri və musiqisi Nəsibə İsrafilqızına, aranjimanı Fərahim Sadıqa, rejissoru və operatoru Faiq Əliyev, rəssamı Gülzadə Abdulova dron operatoru Uğur Bağırov məxsusdur. Layihənin ssenari müəllifi, ideya və rəhbəri isə Səidə İbrahimlidir.
“Türk dövlətlərinin birliyi hər zaman ən böyük arzum olub”, deyən Gülyanaq Məmmədova “Turan marşı”nın məhz bu səbəbdən onun üçün böyük əhəmiyyət daşıdığını və bu əsəri qürurla, fəxarətlə ifa etdiyini bildirib.
O, çəkilişlərin Naxçıvanda Əlincə qalasında baş tutduğunu vurğulayıb: “İlk dəfədir ki, Əlincə qalasında klip çəkilir. Çox maraqlı anlar yaşadıq. Tarixi abidəmiz olan Əlincə qalasında olmaq mənim üçün xüsusi bir zövq və fəxr hissi idi. Layihə Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlığın bəhrəsidir”.
Vətənpərvər ruhlu mahnılarının sayı-hesabı olmayan Gülyanaq Məmmədova qədim tariximizi əks etdirən bir məkanda klip çəkdirməyi özlərinə borc bildiklərini söyləyib: “Əlincə qalasında yaşadığım duyğular məni o qədər təsirləndirdi ki… Bu hisslər Şuşa səfəri zamanı keçirdiyim duyğularla eyni idi. Sevinc və fəxarətdən doğan göz yaşları, kövrək hisslər varlığımı sarmışdı. O anları yaşamaq lazımdır, həmin duyğuları sözlə ifadə etmək çox çətin rəngarəngdir”.
Xalq artisti Gülyaz Məmmədova da təəssüratlarının zəngin olduğunu dilə gətirib:
“’Turan marşı’nın tarixi məkanda çəkilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qədim abidələri dövlət tərəfindən həm qorunur, həm abadlaşdırılır, həm də o məkanların təbliğatı daha da gücləndirilir. Bu layihəmiz yenə də davam edəcək. Çünki biz tarixi abidələrimizi, milli dəyərlərimizi daim yaşatmalıyıq”.
Klip tədbir iştirakçıları tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.
Təqdimat mərasimində, həmçinin məşhur bacıların “Ailə səadəti” adlı mahnıya çəkilən daha bir klipi də təqdim olunub. Milli ailə dəyərlərimizin təbliğinə və qorunmasına həsr olunan ekran işində Məmmədova bacılarının böyük ailəsi lentə alınıb.
Tədbirdə bacıların və onların ailə üzvlərinin birgə ifa etdikləri musiqilər də qonaqlara təqdim olunub. Klipin ideya və layihə müəllifi ARB Günəş Televiziyasının direktoru Məhsim Məhsimov, rejissoru İlham Yaşaroğlu,operatoru Azər Əliyevdir.
Tədbirdən foto və videoları təqdim edirik:














