“Aparıcı mütləq şəkildə efir mədəniyyətinə və dil qabiliyyətinə malik olmalıdır”.
Bunu 14 fevral televiziya və radio işçiləri günündə təəssüratlarını bölüşərkən Əməkdar artist, məşhur diktor Tamilla Ələkbərova Yenicag.az-a açıqlamasında deyib.
Tanınmış diktor gənc həmkarlarını ədəbi dilin qaydalarına əməl etməyə səsləyib:
“Bizim gözəl ədəbi dilimiz var. Ədəbi dilin qaydalarına mütləq şəkildə əməl olunmalıdır. Bölgələrimiz bizim canımızdır. Bəzən aparıcılarımız efirdə ləhcələrdən istifadə edirlər, bu da düzgün deyil. Hər aparıcı öz ləhcəsində danışsa, o zaman ədəbi dilin qaydalarını pozmuş olarlar. Bir də gənclərə onu tövsiyə edərdim ki, efirdə olduğu kimi görünsünlər. Çünki efir səmimiyyəti sevir. Tamaşaçının gözü tərəzidir, o hər şeyi görür və hiss edir. Onları aldatmaq mümkün deyil. Aparıcılar çalışmalıdr ki, izləyicinin qəlbinə yol tapa bilsin. Bəzən həddən artıq əl-qol hərəkətlərindən istifadə edirlər ki, bu da düzgün deyil. Hər şey qədərində olmalıdır, əndazəni aşmaq olmaz”.
Cəvahir
www.yenicag.az