Güləşçilərimizdən etiraz aksiyası: Federasiyanın iç üzü açıldı – Foto,Video

Bu gün güləşçilərimiz etiraz aksiyası keçirib.

Yenicag.az xəbər verir ki, etiraza səbəb Azərbaycan Güləş Federasiyasının idmançılara qarşı biganəliyidir.

Uzun müddətdir ki, maaş üzünə həsrət qalan güləşçilərimiz, şəraitsizlikdən də şikayətlənirlər.

Saytımıza açıqlama verən Yunan-Roma güləşi üzrə dünya çempionu, “Rio-2016″nın bürünc mükafatçısı Rəsul Çunayev etirazını bu şəkildə dilə gətirib:

“Təlim-məşq toplanışı keçmirik. Bir ildir ki, federasiya tərəfindən maaşlar, mükafatlar verilmir. Biz dövlətimizi, vətənimizi təmsil edirik. Əsgərin silahı olduğu kimi, bizim də silahımız təlim-məşq toplanışlarıdır. Yarışlarda nəticə göstərməyəndə də tənqid olunuruq. Şərait yaradılanda yüksək səviyyədə çıxış etmişik. Zalda içməyə su belə verilmir. Məşqçilər, işçilər hamısı çıxıb gedib. Cənab Prezidentimizin dəstəyi ilə yarışlarda yüksək səviyyədə çıxış etmişik. Ancaq indiki problemlərə görə çıxılmaz vəziyyətdə qalmışıq. 3 həftədən sonra dünya çempionatına getməliyik. Uşaqların yarıdan çoxu zədəlidir.

Heç birinin müalicə olunmaq imkanı yoxdur. Məni də müalicə etmədilər, öz hesabıma əməliyyat olundum. Təsəvvür edin, əməliyyat olunmaq üçün 3 ay gözləmişəm. Aramızda elə uşaqlar var ki, məşqə gələ bilmirlər. Vəziyyət o qədər acınacaqlıdır ki, xidmətçilər deyir ki, maşınınızı yuyaq, bizə 5-10 manat verin. Getdik təlim-məşq toplanışına, yemək olmadığı üçün bizi oteldən çıxartdılar. Bir nəfər də çıxıb demir ki, maliyyə niyə ayrılmır. “Bu gün- sabah” deyə-deyə ilyarımdır problemlər davam edir”.

Sərbəst güləş üzrə millimizin üzvü Hacı Əliyev:

“İlk növbədə cənab Prezidentimizə təşəkkür edirəm ki, bizə hər bir şəraiti yaratmışdı. Amma bu gün bir sıra problemlərlə qarşılaşmışıq. “Rio-2016″da 9 medal qazanmışdıq. Bu, zarafat rəqəm deyil. Bizim bura yığışmağımızın məqsədi odur ki, bu qədər gənclərimiz ciddi problemlərlə üzləşiblər.

Yarıdan çoxu kasıb uşaqlardır. Hamısı bayraq ucaltmaq arzusu ilə alışıb-yanırlar. Günahkar birbaşa federasiyadır. Olimpiadada qazandığımız mükafatları da almamışıq. 15 aydır ki, maaş üzünə həsrətik. Dünya çempionatına çox az vaxt qalıb. Bu şəkildə yarışa getməkdənsə, getməmək yaxşıdır”.

 

Emin Səfərov

Foto: Cəmalə Əlizadə
Yenicag.az

COP29